Gömrüyümüzün banan sevgisi

gomruyumuzun-banan-sevgisi
Oxunma sayı: 648

Elə ki, Astara gömrük-keçid məntəqəsinə gəldiniz, sizi səs-küylü sanki protestoya bənzər vəziyyət qarşılayır. İnsanlar dəmir barmaqlıqlar arasında saatla dayanıb,o taya keçmək növbəsini gözləyir. Bu Astaranın biçarə, bir az yazıq, bir az kütləşmiş, bir az da peşəkarlaşmış alverçi təbəqəsidir. Bu təbəqə İran sərhədinin maksimim 100-200 metrlik ərazisinə bələd olan, ancaq gəlir əldə etmək məqsədiylə bazarlığa gedənlərdən ibarətdir. Bir günün içində o taya keçib, “iş”ini görüb geri qayıdan bu kəsləri bəlkə də Azərbaycanın ən səbirli insanları hesab etmək olar. Astaralıların “bizi İran dolandırır” kəlməsinə bir az haqq vermək də gərəkdir. Çünki bu “iş” də olmasa, onların vəziyyəti pis olar. Dərdini, problemini hər qarşısına çıxana açıb danışanların dediyindən belə çıxır. İran tərəfinə keçmək arzusunda olanlar arasındakı ikinci böyük təbəqə isə “xəstələr”dir. İran tibbinin, həkiminin ümidinə qalan, saatla ayaqüstə dayanan, ürəyi daralan, arada özünü, ya da nazirini söyən bu insanların günahı nədir, görəsən? Növbəsini heç gözləmədən hamıdan qabaq o taya adlayan bəxtəvərlərin “dayı”sı kimdir, görəsən?

Bu ara Azərbaycan tərəfində maraqlı məhdudiyyətlər qoyulub. Hər gün alverə gedən yüzlərlə insandan apardığı pulun məbləği belə soruşulmur. Bir az yad gələn, ilk səfəri olanlardan isə nə qədər milli valyuta aparıldığı soruşulur, bu barədə xüsusi anket tutulur. İllərdir, milli pulla o taya keçilirdisə, indi gömrük xidməti milli pulu “sevdiklərini”, ona “hörmət etdiklərini” nümayiş etdirmək istəyirlər. “İrana manat aparmaq olmaz, manatı dollara çevirin”, deyən bir şəxsdən səbəbini soruşurlar, “niyə ?”. Hörmətli gömrük əməkdaşının cavabı: “İqtisadiyyatımızın inkişafına zərbə vurur, manat İrana aparılır, pensiyalar gec verilir”. Hə, bunu indi başa düşdülər, bu vaxta qədər nə olmuşdu, bir tək o taya pulumuz keçməklə paramız azalacaqmı? Bəs, 200 manat pulu olan vətəndaşımıza “iki manat ver, yazım ki 200 dolların var” təklifini edən gömrük əməkdaşı necə, o da Azərbaycanın iqtisadiyyatınin dərdini çəkir?

İran tərəfsə, artıq əlimizdən bezib, qəzəblənib. Artıq bizi incitməyə də başlayıb, bunun üçün yaxşı bəhanələri də var. Əlacları olsa, hər an sərhədin qapısını üzümüzə birdəfəlik bağlayarlar.

Qayıdanda...


Ən maraqlı məqam burasıdır. Əvvəllər bayaq dediyim alverçi astaralılar hər nə alırdılarsa, İran tərəfi qarışmazdı. Artıq pendir, düyü, yuyucu toz, şəkər tozu kimi məhsullar müsadirə olunur, məhsul sahibinin gətirdiyi hər hansı səbəbə, şərhə belə qulaq asılmır. İranlı gömrükçülər çantaları açıb elə bir hala salırlar ki, o taydan qayıdanımız xeyli vaxt əşyalarını yenidən səliqə-səhmana salmalı olur. Heç olmazsa, iranlı gömrükçülər camaata ara-sıra bu barədə, aparıla bilinəcək məhsullar barədə məlumatlar verirlər. Bəs bizimkilər? Bizim tərəf İran xurması, kişmiş kimi yeməli məhsulları qara siyahıya salıb. İlk baxışda çox gülməli məsələdir. Axı kişmiş nə vaxtdan təhlükəli, yaxud narkotik hesab olunub? Əgər mən kişmişi sevirəmsə, ucuzdur deyə evim üçün iki kiloqram gətirirəmsə, bu niyə qəbahət sayılmalı və ya müsadirə olunmalıdır? Hələ bu qara siyahıda banan da varsa, bu lap təəccüblənəcək haldır. Bananın nə günahı var? Evi üçün iki-üç kilo banan alan adamın bananı əlindən alınarsa, buna nə qiymət verərdiz? Bu dəfə bananın “həbs”inə şahidlik etdim. Kimin əlində bananlı torbası vardısa, sahibindən cavab gözləmədən əlindən alınırdı. Hətta uşaqlı bir vətəndaşımızın aldığı banan gömrükdə əlindən alınan kimi uşaqdan bir ağlamaq səsi çıxdı ki. Atası “bananı uşağa almışam”deyib, torbasını geri almaq istədi, heç ona qulaq asan da olmadı. Banana gömrüyümüzün “sevgisi”, alıcısına isə nifrəti maraq doğururdu. Bir də baxırsan ki, gömrüyün bir günlük banan təlabatı doldu. On kilolarla yığılmış banan axşamüstü gömrükçü ailələrinin stollarını bəzəyəcək, əsil banan sahibləri isə yadına düşdükcə “boğazında qalsın” deyəcəklər. Ya da həmin banan doldurulacaq qoluzorbalı, sözükeçənin mağazasına, kilo-kilo iki-üç qat qiymətə satılacaq. Amma mən banan yiyələri arasında cəsarətli, ürəkli birini görmək istəyərdim. İki-üç kiloluq(4-5 banan bir kilo edir də) bananı olan etməzdi tənbəllik, elə oradaca, müsadirə zamanı bananlarını ötürərdi mədəsinə. Gömrük də dönərdi ən çox banan yeyən müsabiqəsinə.

Nə bilim, bizim vəziyyətimiz çox gülməlidir. Gülməli və ağlamılısı ondadır ki, axı monopoliyadan mənə nə, mənim gücüm elə dörd-beş banana çatır da, vəssalam.