“Google” şirkəti 1,69 milyard dollar cərimələndi

google-sirketi-169-milyard-dollar-cerimelendi
Oxunma sayı: 1273

Avropa İttifaqı “Google” şirkətini yenidən sərimələyib.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, buna səbəb internet reklamı bazarında ədalətli rəqabət şərtlərinin pozulmasıdır.

Avropa Komissiyası (Avropa İttifaqının antimonopoliya orqanı) antimonopoliya qanunvericiliyinin pozulması məsələsinə baxışı yekunlaşdırıb və “Google” şirkətini 1,69 milyard dollar dəyərində cərimələyib. Bu isə şirkətin ötənilki gəlirinin 1,29 faiz hissəsidir.

Komissiyadan bildirilib ki, “Google” onlayn reklam bazarında öz hegemon vəziyyətini möhkəmləndirərək və üçüncü saytlarla antirəqabət müqavilələr bağlayaraq özünü sağlam rəqabətdən qoruyub.

Qeyd etmək lazımdır ki, bu, “Google” şirkətinin Avropa İttifaqı tərəfindən üçüncü cəriməsidir. Bir neçə il ərzində “Google” şirkəti axtarış sistemləri bazarındakı vəziyyətinin sui-istifadəsinə görə 2.7 milyard dollar və “Android” smartfonlarda öncədən quraşdırılmış tətbiqlərin məhdudlaşdırılmasına görə 5 milyard dollar dəyərində cərimələnib.

Şirkətin hüquq məsələləri üzrə vitse-prezidenti Kent Uolker məsələ ilə bağlı bildirib ki, “Google” yaxın zamanda Avropadakı “Android” istifadəçilərinə seçim imkanı verəcək. Belə ki, istifadəçilər rəqiblərin alternativ tətbiqlərini, servislərini və o cümlədən axtarış sistemlərini və brauzerləini seçə biləcəklər. “Android əməliyyat sistemli smartfonlarda istənilən zaman smartfonun satışa çıxmasından öncə ona quraşdırılmış standart axtarış sistemini və brauzerini digər alternativə dəyişmək mümkün olacaq. Yəni, seçim imkanı təkcə yeni smartfon istifadəçilərində deyil həm də bütün “Android” istifadəçilərinə aid ediləcək. Yeni qaydaların nə zaman qüvvəyə minəcəyi barəsində heç bir məlumat yoxdur. Lakin bunun yaxın bir neçə ay ərzində baş verəcəyi dəqiqdir.