“Google” yeni məhsullarını təqdim etdi

google-yeni-mehsullarini-teqdim-etdi
Oxunma sayı: 1375

“Google” şirkəti “Nexus” istehsal xəttini əvəz edən “Pixel 2” və “Pixel 2 XL” adlı smartfonlarını, həmçinin “Pixelbook” adlı güclü noutbukunu rəsmən təqdim edib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir k, “Pixel 2” smartfonu 1080x1920 piksel təsvir ölçülü və tərəflər nisbəti 16:9 olan 5 düymlük displey, “Pixel 2 XL” isə 1440x2560 piksel təsvir ölçülü,  kiçik çərçivəli və tərəflər nisbəti 18:9 olan 6 düymlük ekranla təchiz edilib.

Hər iki smartfon barmaq izi sensoru ilə təchiz edilib, “Qualcomm Snapdragon 835” prosessoru ilə işləyir və 4 QB əməli yaddaşa malikdir. “Pixel 2” və “Pixel 2 XL” smartfonlarında daxili yaddaşın tutumu 64 və ya 128 QB təşkil edir.

Ssmartfonlar 12 meqapiksellik əsas kamera ilə təchiz edilib. Məlumata görə, bu kamera “DxOMark” testində 98 bal toplayaraq “iPhone 8 Plus” və “iPhone 8 Plus” qurğularının kamerasını geridə qoyub. “Pixel 2” və “Pixel 2 XL” smartfonlarının ön kamerası 8 meqapiksel təsvir ölçüsünə malikdir. Həmçinin hər iki qurğunun kamerası təsvirin həm optik, həm də rəqəmli sabitləşmə sisteminə malikdirlər. Bundan başqa, əvvəlcədən qurulmuş “Google Lens” proqramı əvvəl çəkilmiş şəkillərdə, yaxud real vaxt rejimində kameranın obyektivinə düşmüş obyektləri tanımaq qabiliyyətinə malikdir.

Son “iPhone” modelləri kimi “Pixel 2” və “Pixel 2 XL” smartfonlarında qulaqlıqlar üçün 3,5 mm-lik konnektor yeri yoxdur, aparat toz və suya qarşı davamlıdır. Yeni “Pixel” smartfonlarının sahibləri musiqi dinləmək üçün “USB Type-C” portuna malik qulaqlıq və ya simsiz modellərdən istifadə edə bilərlər. Qulaqlıqlar musiqi dinləməkdən başqa, həmçinin “Assistant” köməkçisindən istifadəyə imkan verir və real vaxt rejimində danışığın ikitərəfli tərcüməsini dəstəkləyir.

Yeni smartfonlar “Android 8.0 Oreo” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir, akkumulyator batareyaları isə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir.

64 və ya 128 QB-lıq “Pixel 2” smartfonunun qiyməti müvafiq olaraq 649 və 749 dollar, “Pixel 2 XL” cihazının müvafiq versiyaları isə 849 və 949 dollara satılacaq.

“Pixelbook” noutbuku 10,3 mm-lik qalınlığında alüminium korpus, “Gorilla Glass” qoruyucu şüşəsinə malik 12,3 düymlük sensor ekran və klaviatura işıqlandırıcısı ilə təchiz edilib. Noutbukun konstruksiyası ondan planşet kimi istifadəyə imkan verir, “Google Assistant” səs köməkçisini başlatmaq üçün xüsusi düymə nəzərdə tutulub.

“Pixelbook” noutbuku son nəsil “Intel Core i5” və ya “i7” prosessorları, 16 QB-dək əməli yaddaş və 512 QB-dək SSD daşıyıcı ilə təchiz edilib. Qurğunun avtonom iş vaxtı 10 saat təşkil edir. Yeni noutbuk “Chrome OS” sisteminin idarəetməsi altında işləyir.

“Pixelbook” noutbukunun qiyməti 999-1649 dollar aralığında təşkil edəcək.