Görəsən, cinsi münasibətlər ayıb şeydirmi?

goresen-cinsi-munasibetler-ayib-seydirmi
Oxunma sayı: 1517

Vasif İsmayıl

Bir müddətdir dini mövzularda yazmayacağıma dair özümə söz vermişdim. Amma dünən həkim yoldaşlarımızdan birinin qardaşını müayinə etdim. Heç bir orqanik problemi yox idi, seksual mövzularda qorxuları var idi.

Cinsi orqanının ölçüsündən şikayət edirdi. 
Tez qurtarmaq problemindən qorxu ilə bəhs edirdi.
Artıq 30 yaşına çatır, amma hələ də heç bir cinsi təcrübəsi yox idi.
"Ata ola bilərəmmi" deyə soruşdu.
"Toxum mayesinin təhlilini verməlisiniz" dedim.
"Necə" deyə soruşdu.
"Masturbasiya" ilə dedim.
"Olmaz. Haramdır" şəklində sözlər sərf etdi.

Buradaca düşündüm - biz, dini məsələlər qarışmayaq deyə düşünürdük. Amma burada dini mövzularda savadı olmayan, sual soruşa bilməyən gənclik yetişir. Biz danışmasaq, kim danışacaq deyə düşündüm. Yazıram. Bundan sonra yazacaqlarım tamamilə islam fəlsəfəsinə əsaslanmışdır. Bu mövzuda mollaların dediyi sadəcə olaraq uydurmadır. Siz, mənim dediklərimə baxın.

İslam fəlsəfəsinə əsasən dünyada yaradılmış məxluqlar mələklər, heyvanlar və nəbatətdir. Bu yaradıımışların heç birinə ibadət şərti qoşulmamışdır. Sadəcə olaraq İnsana ibadət şərti qoşulmuşdur.  Niyə? Çünki İnsan özündən əvvəl yaradılmış bütün varlıqların nəfsini özündə cəmləyir.

Nəfs nədir?
Nəfs "mahiyyət" mənasını verən bir qavramdır. İnsanda 2 böyük nəfs vardır: heyvani və mələki (insani). Doğrudur, nəfs Quranda adı keçsə də, izahı verilməmişdir. Sonradan alimlər nəfsi izah etməyə çalışdılar. Mən, daha çox Nəsirəddin Tusi və İbn Sina-nın təsnifatını gətirirəm. Əslində adını çəkdiyim alimlər nəfsi daha mürəkkəb sinifləndirmədə təsnif edirlər. Amma siz, mənim metodumla anlamağa çalışın.

Heyvani nəfs (heyvani və nəbati) yemək, içmək, cinsi həvəs, yuxuya getmək, tualet ehtiyacı və s. kimi qavramları əhatə edir. Mələki nəfs isə xeyirxaqlıq, yardımlaşma, mehribanlıq və s. kimi qavramları əhatə edir. Bir sözlə - yaradılanın mahiyyəti bu iki böyük qrupa paylanmışdır. Heyvanlarda ancaq heyvani nəfs mövcuddur. Bitkilərdə ancaq nəbati (heyvani) nəfs mövcuddur. Mələklərdə ancaq mələki nəfs mövcuddur. Bu yaradılanlar öz nəfsini təmsil etdiyi üçün heyvanlara, bitklərə, mələklərə ibadət şərti yoxdur.

İnsan həm heyvani (nəbati və heyvani) və mələki (insani) nəfsi özündə birləşdirdiyi üçün ona......ibadət fərz qılınmışdır. Öz heyvani tərəfini nəzarətdə saxlamaq üçün. Öz heyvani tərəfini nəzarətdə saxlamaq öz heyvani tərəfini məhv edib sıfra endirmək deyildir. Cinsi münasibə ehtiyacı, yəni heyvani (nəbati) nəfsin bir parçası insanın yaradılış məntiqində, mahiyyətində vardır.

Onu inkar etmək olmaz. Onu nəzarətdə saxlamaq lazımdır. İstədiyiniz yerdə tualet ehtiyacını etmək olmaz, deyilmi? Amma yenə də tualet ehtiyacınız vardır. Seksuallıq da bir ehtiyacdır. Onu tənzimləmək lazımdır, ondan utanıb yerin dibinə soxmaq deyil. Ancaq tənzimləmək. Cinsi tələbat sıfırlana bilməz - təbiidir.
Masturbasiya haram deyildir. Onun haram olduğuna dair bir dənə belə dini müddəa yoxdur. İçtihat vardır. Amma dində olmayan şeyi sonradan əlavə edərək dini müddəa kimi "sırımaq" özü bidətdir - ən böyük günahdır.

Seksuallıq təbiidir.  Seksuallıq haram deyildir.  Seksuallıq ayıb deyildir. Seksual düşünün və seksuallığınızı nəzərə alın. Əks halda dini fanatik olub özünüzdən uzaqlaşar, qul olarsınız. Seksuallığın indiki mənada inkarı günahdır. Seksuallıq günah deyildir.