Görməmişlər

gormemisler
Oxunma sayı: 4197

Xuraman Hüseynzadə

Uşaq vaxtı məni bazara aparmışdı babam. Bazarın girişində orta ölçülü həsir səbət aldı. Onu niyə aldığını soruşdum. Cavabı unudulmaz oldu: “Nə aldığımızı niyə görsünlər ki? Pulsuzluqdan bazara getməyən, mer-meyvə üzünə həsrət qalanlar var axı...”

O həsir səbətlər indi az hallarda gözə dəyir. Adamlar da əvvəlki deyil axı. Məsələn, babalarımızın prosesi əvvəldən axıra-manqalı qalayanda, tikələri şişə taxanda, kabab tüstüsünü yelləyəndə və ən nəhayət, bişmiş tikələri dişlərinə çəkəndə çəkib sosial şəbəkələrdə paylaşmalarını heç cür təsəvvür edə bilmirəm. “Köhnə kişilər” anlayışı bunları da özündə ehtiva edir...

Elə qadınlar da... Bişirdiyi yeməklərdən kasıb qonşulara pay verərdi nənəm. Üstünə də örtük atardı ki, başqaları görməsin.

Kirayələrdə bir qarnı ac, bir qarnı tox yaşayan insanlara yay uzunu kabab iyini udduran restoranların əhatəsində yaşayırıq. Yay axşamları manqallar tüstülənən kimi uşaqlarını evdən bayira çıxmağa qoymur analar. Qış gələndə restoran sahibləri manqallarını, şişlərini götürüb çəkilirlər qınlarına. Sevinirik...

Təsadüfən evdə gördüyüm həmin həsir səbət retrospektiv duyğular gətirdi özü ilə... İnsanlar necə həssas idi bir zamanlar. Aldığını göstərmirdi ala bilməyənlərə. Özləri qədər onları da düşünürdülər.

“Sağ əlin verdiyini sol əl bilməməlidi”-xeyirxahlığı təbliğ edən atalar sözlərimizdən biridi. Hələ də “köhnə kişilər”in dediyi müdrik kəlamlara sığınırıqsa, deməli, internet əsrindən umacağımız çoxdu. Zəmanəmiz görməmişliyin masştabını genişləndirib.

Nə geydiyini, nə yediyini ətrafdakılara bildirməyə çalışanlar var. “Bəlkə birinin yoxdu, niyə görsün” düşüncəsi bir çox dəyər kimi keçmişdə qalıb. “Yox, hamı görməlidi” düşüncəsi hakimdi indi.

Sağ əlin verdiyini nəinki sol əl, bütün ellər bilməlidi sanki. Xeyirxahlığı imitasiya xatirinə eləyir çoxu.
Kaş, nə yediklərini, nə geydiklərini yox, nə oxuduqlarını paylaşaydılar.

Onda sosial şəbəkələrdə manqallar tüstülənməzdi.

Görməmişlər olmazdı.

Aqoniya halından həyata qayıdardı insanlıq...