Gözəl məkana səfər

gozel-mekana-sefer
Oxunma sayı: 650



Bakı yuxusundan tam ayılmamışdı. Xəzərin ləpələri laylasının təsirindəydi. Mən isə aeroporta tələsirdim. Yolboyu əl-ələ tutan gecə fənərlərinin işığı zolaq kimi uzanırdı. Məni İstanbula aparacaq təyyarəyə vaxtında çatdım. Təyyarə havaya qalxanda artıq dan yeri sökülürdü. Elə bil qaranlıq təyyarənin gurultusundan qaçırdı.

Təyyarə İstanbula yaxınlaşanda ağ pəmbə buludların arasından “Gözəlim İstanbul” görünürdü. Gecəsi gündüzündən də gözəl olan İstanbul. Nazim Hikmətin İstanbulu.
Təyyarə “Atatürk” Hava Limanına enəndə İstanbula yağış yağırdı. Polşanın Bakıdakı səfirliyindən Polşada, xüsusi ilə də, Krasnoqrudda soyuq olacağını demişdilər. Yay olmasına baxmayaraq bir az qalın paltar və gödəkcə götürməyi də məsləhət bilmişdilər. Polşanın Xarici İşlər Nazirliyinin, Bakıdakı səfirliyin və Varşavadakı Adam Miskeviç İnstitutunun təşkilatçılığı ilə baş tutan bu səfərin sonuncu günü Krasnoqrudda olmalı idim. Beynəlxalq tədbirin keçiriləcəyi bu şəhər Polşanın şimalında, Litva ilə sərhəddə yerləşir. Gölün kənarında, meşə ilə əhatə olunmuş bu şəhərin şıltaq havasını təsəvvür edirdim. Ona görə də məsləhətə qulaq asmalı oldum.
İstanbulun belə yağışlı olduğunu görəndə, ilk dəfə olacağım o məkanın necəliyini bir daha xəyalımda canlandırdım.

Istanbul yağışda da gözəldi. Qarda da. Bəlkə bu bizə elə gəlir. Bəlkə sevgidəndi bütün bunlar. Amma həqiqətən gözəldi, İstanbul. Dənizin əhatəsində. Camiləri, asma körpüsü dənizlərin qoynuna aldığı bu şəhərə xüsusi gözəllik verir.

Bir neçə saatdan sonra elə buradan, bu möhtəşəm hava limanından Varşavaya uçacağam.
Həm Bakı-İstanbul, həm də İstanbul-Varşava reysini Türk Hava Yolları yerinə yetirirdi.
Təyyarə havaya qalxır. İstanbula bir daha tam baxmaq imkanı əldə edirəm. Ağ buludlar qar topaları kimi şəhəri və dənizi yavaş-yavaş örtməyə başlayır. Bir müddət yer deyilən heç nə görsənmir.

Artıq təyyarədən meşələr, xırda göllər, yamyaşıl talalar, otlaqlar görsənir. Bu gözəl təbiətlə əhatəyə alınmış, qotik, barokko uslubunda tikilmiş köhnə-təzə Varşava adamı kənardan özünə çəkir. Stüardessanın türkcə: “Şopen adına Varşava Hava Limanına enirik” səsi eşidilir. Şopenin Varşavasına enməmiş, Polşaya qədəm qoymamış mənimçün əziz olan “Şopen” adını eşitmək necə də xoş idi.
Görmək istədiyim gözəl bir yerə, bir məmləkətə gəldiyimi hiss etdim. Daxilən bir az yüngülləşdim. Bəzən eşitmək istədiyin bir xoş söz, bir təbəssüm insanın ovqatını, münasibətini dəyişir. Səfərə tək getməli olduğumdan az da olsa daxili nigarançılıq vardı. Bu mənim Polşaya ikinci səfərim idi. Elə birinci səfərdən bu məmləkətlə dostlaşsam da, aradan ötən dörd il özünü göstərirdi.

Polşa...

Mən səni görmədən sevmişdim hələ
Adam Miskeviçin şeirlərindən,
Şopenin sehirli musiqisindən...

- deyirəm hərdən özüm-özümə.

Görüşəcəyin adamları tanımasam da, neçə illərin tanışları kimi təsəvvür edirdim onları.
Danışıqlarını təmiz anlamadığım, dilini bilmədiyim bu ölkəyə Türkiyəyə gedirmiş kimi gedirdim. Hətta tərcüməçi olmasa belə biri-birimizi anlayacağımızı düşünürdüm. Doğmalar kimi.

Varşavanı yenidən gördüyümə sevinirdim. O, xoş təbəssümlərlə yenidən rastlaşacağıma, keçən dəfə görə bilmədiyim yerləri görəcəyimə və yeni dostları qazanacağıma inanırdım. Həm də ona görə sevinirdim.
Artıq təyyarəni tərk edirəm.
Bu da nə vaxtdı görmək istədiyim Polşa, Varşava...

Ardı var