Gözəl məkana səfər

gozel-mekana-sefer
Oxunma sayı: 676

II yazı (Şopenin Varşavası)

Hər dəfə Varşavada olacağımı düşünəndə Şopenlə bağlı olan hər yerdə olmaq keçir könlümdən. 2010-cu ildə açılmış Friderik Şopen Muzeyi, Şopenin doğulduğu Jelyazova Volya qəsəbəsi, onun Varşavada yaşadığı ev və daha çox görmək istədiyim, onun ürəyi saxlanılan Müqəddəs Xaç kilsəsi. (Parisdə dünyasını dəyişən Şopen “Per-Laşez” qəbiristanlığında dəfn olunub. Şopenin son vəsiyyətinə əsasən ürəyi Varşavadakı Müqəddəs Xaç kilsəsində saxlanılır.)

1810-cu ildə Varşava yaxınlığındakı Jelyazova Volya qəsəbəsində anadan olan Friderik Şopenin anası Yustina Kşijanovska polyak, atası Nikolay Şopen fransız idi.
Nikolay Şopen əvvəlcə ev müəllimi, sonra isə liseydə fransız dili və ədəbiyyatından dərs deyir. Yustina Kşijanovska uzaq qohumu qrafina Skarbekin iqtisadçısı olub. Friderikdən başqa evdə bacıları Lüdvika və İzabella da böyüyürdü. Atası skripka və fleyta, anası isə fortepiano çalır və mahnı oxuyurdu. Friderik doğulandan bir neçə ay sonra Nikolay Şopenə liseydə müəllimlik təklif edilir və ailə Varşavaya köçür.

Friderik Şopen ömrünün təxminən yarısı qədər, 20 il Varşavada yaşayır. Hələ 5 yaşında olarkən fortepianoda kiçik pyesləri çalmağa başlayan, 7 yaşında ikən Varşavanın kübar salonlarının sevimlisinə çevrilən və ilk dəfə konsertlə çıxış edən, «Polşanın Motsartı» adlandırılan Friderik Şopen burda təhsil alır, musiqini öyrənir, konsertlər verir. Varşavada Şopenlə əlaqəli təkcə onun yaşadığı, ifa etdiyi yerləri göstərən xatirə lövhələri deyil, eyni zamanda düyməni basarkən Şopenin melodiyaları səslənməsiylə bərabər “Şopenin izi ilə” marşrut sxemini görsənən və bu yerlərin qısa yazısı olan multimediyalı oturacaqlar var. Bu oturacaqlarda fotokodla bəstəkarın həyatı və səyahəti haqqında informasiya və musiqini mobil telefonlara köçürmək də olar. Şopenə hər yerdə olan sevginin bu təcəssümündən istifadə etdikdən sonra ilk dəfə gördüyüm bu “ifaçı dayanacaq”la şəkil də çəkdirməli oldum.

Musiqi şəhəri, Şopenin Varşavasının vizit kartoçkası sayılan Friderik Şopenin Muzeyi, Avropada ən müasir bioqrafik, dünyada ən böyük Şopen kolleksiyası sayılan muzeydir. Muzey çox müasir interyerli tarixi Ostrojski (Ostroqski) sarayında yerləşir. Kolleksiyaya əlyazmalar, yazışmalar, avtoqraflar, qeydlər, tipoqrafik partiturlar, həmçinin bəstəkara aid olan predmetlər daxildir. Muzeydə bəstəkarın musiqilərini və canlı səslə konsertini dinləmək mümkündür. Məni muzeylə tanış edən muzeyin məsul əməkdaşı Olqa Nieviadomska son altı ayda muzeyə 64 yeni eksponatın alındığını dedi.
Onu da qeyd edim ki, deyilənlərə görə muzeyə ən çox maraq göstərənlər yaponlardı. Mən orda olanda növbəyə dayanan 40 nəfərin təxminən yarısı elə yaponlar idi. Burada həmişə növbə olduğunu söylədilər. Mənim üçün vaxt proqrama uyğun olaraq ayrıldığından, xoşbəxtlikdən növbəyə durmalı olmadım.
Bura həqiqətən başqa aləmdi. Mənim Şopenin həyat və yaradıcılığı haqqında müəyən məlumatlarım olsa da və bu haqda bildiklərimi mətbuatda bölüşsəm də buradakı eksponatları, o cümlədən bəstəkarın ifa etdiyi royalı görmək, onun musiqilərini doğma şəhərdə və doğma məkanda dinləmək həqiqətən məndə tamam başqa bir hiss, ovqat yaratdı.

* * *

Müqəddəs Xaç kilsəsinə girəndə ibadət vaxtı idi. Mərasimin hələ bir müddət çəkəcəyini dedilər. Şopenlə bağlı olan yerlərin yaxınlıqda olduğunu bildiyimdən vaxtdan istifadə edib o yerlərə baş çəkdim.
17 yaşlı Friderik Şopenin 1827-ci idən Polşanı tərk etdiyi 1830-cu ilə kimi ailəsi ilə birlikdə yaşadığı, Çapcki/Krasinski sarayının bir hissəsi ziyarətçilər üçün açıqdır. Salonun interyeri o dövrün mebel və alətləri, Şopenin portreti və XIX əsr Varşavasının görünüşü qrafikası ilə quraşdırılıb. Şopen bəzi əsərlərini burada yazıb.

8 yaşlı Şopenin ilk açıq konsertini verdiyi, 2010-cu ildə açılan Kordeqard Şopen Mərkəzində bəstəkara həsr olunmuş hər cür nəşrlər var. Burda musiqiyə qulaq asıb, filmlərə baxmaq olar.
Bunların hamısı bir-birinə yaxın, Varşavanın mərkəzi Krakowskie Predmiescie küçəsinində yerləşir.

Mən Müqəddəs Xaç kilsəsinə qayıdanda artıq ibadət başa çatmışdı. Kilsəyə daxil oldum. Rahib ibadətə gələnləri dinləyirdi. Kinolarda gördüyklərimi ilk dəfə idi ki, canlı görürdüm.
Şopenin ürəyi saxlanılan yerə yaxınlaşıb doyunca baxdıqdan sonra razılıq alıb şəklini çəkdim. Bəstəkarın 1880-ci ildən kilsəyə qoyulmuş Leonarda Markoninin işi (əsəri) olan mərmər abidənin altındakı lövhədə belə bir yazı yazılıb: “Sənin xəzinən haqdadı, sənin ürəyin ordadı. Friderik Şopenə-Həmvətənlərindən”. ("Gdzie jest twoj skarb, tam i serce twoje. Fryderykowi Chopinowi-Rodacy".)

* * *

Şopenin Varşavasına xüsusi gözəllik gətirən Kral Lazenkasındakı Friderik Şopenin abidəsi, bəstəkarın dünyada ən məşhur abidəsi sayılır. Bu abidəyə oxşar çox abidələr qoyulub. Bunlardan ən məşhuru, tam eyniylə onun kimisi Yaponiyadadır.
Yay vaxtı (mayın ortalarından sentyabrın sonunadək) saat 12:00-dan 16:00-dək heykəlin ətrafında açıq səma altında Şopenin pulsuz konserti verilir. 1959-cu ildən davam edən bu ənənə məşhur pianoçuların ifası ilə həyata keçirilir.

* * *

Tarixini, tarixi yaddaşını qoruyub saxlayan, əzizlərini-onu yaşadanları əzizləyən, sevdirən, üz tutub gələnləri həm keçmişə aparan, həm müasirliyi ilə qovuşduran Varşavanı Şopensiz təsəvvür etmək çox çətindi. Bəlkə də olmaz desəm, daha dəqiq olar. Şəhərin harasında olursansa ol, harasından baxırsansa bax, orda Şopenlə bağlı nəyi isə görürsən. Duyursan. Şopenin Varşavasında.

Qonaqların eşitdiyi ilk və son kəlmə “Şopen”.



P.S. “2010-cu il Şopen ili” idi. Bütün dünyada keçirilən “Şopen ili” Azərbaycanda da yüksək səviyyədə, çoxlu sayda tədbirlərlə keçirildi. Bu tədbirlərin keçirilməsində Polşa səfirliyin, cənab səfirin və səfirliyin mədəniyyət ateşesi, xanım Yoanna Senkeviçin rolunu xüsusi qeyd etmək lazımdır. Cənab səfir Mixal Labenda mənə ünvanladığı məktubda Azərbaycanda Friderik Şopenin təbligində mənim də rolumun olduğunu qeyd edərək təşəkkürünü, Polşanın Mədəniyyət və Mədəni irs Naziri, cənab Bogdan Zdroyevski tərəfindən verilmiş “Azərbaycanda Friderik Şopenin 2010 – cu İlin təbliğində xidmətlərə görə” Diplomunu mənə çatdırmışdı. (Bunlara görə cənab nazirə və cənab səfirə öz təşəkkürümü bildirirəm.)