Gözləri oynayan terrorçu

gozleri-oynayan-terrorcu
Oxunma sayı: 671

Azər Qismət

Sankt-Peterburq metrosunda baş verən terror zamanı ölən və yaralananlar bizi dəhşətə gətirdi. Nəzərə alanda ki, onların ikisi həmyerlimizdir, xüsusilə qəmginliyə uğradıq. Təsəvvür edin, insan səhər yuxudan oyanıb hansı arzularla, hansı istəklərlə dərsə və ya işə gedir, bir vicdanını itirmiş şəxsin ucbatından həyatını itirir. Bu hadisədən sonra bir daha aydın oldu ki, terrorun Vətəni həqiqətən də yoxdur. Azərbaycanda sabitlik və sakitlikdir. Bu bizi sevindirir. Aydın məsələdir ki, terror aksiyasının 90 faizi hər hansı ölkənin siyasi arenadakı mövqeyindən, iradəsindən, müəyyən maraqlara cavab verməməsindən irəli gəlir. Sifarişçilərin tapşırığı ilə həyata keçirilən belə terror faktları kifayət qədərdir. Yalnız 10 faizi həyat yoldaşından inciyən, hansısa haqsızlığa məruz qalan tərəfindən həyata keçirilir. Bu aydındır. Ancaq hər ehtimala qarşı terrorun qarşısını sadə vətəndaşlar da vaxtında ala bilər. 

Bakı metrosunda diktor qız hər gün təkrarlayır ki, sahibsiz əşya gördükdə dərhal xəbər verin. Belə məlumat hər gün beynimizə siqnal ötürür ki, sərvaxt olmalı, arxayınlığa yol verməməliyik. Bəs, biz sadə vətəndaşları nə edə bilərik? Məsələn, cibgirləri götürək. Onlar əksər hallarda kepkalı, beysbolkalı vəziyyətdə ictimai nəqliyyata daxil olur. Ona görə də başıpapaqlı və uzun barmaqlı adamları gördükdə ehtiyatı əldən verməyin, hərəkətlərini gözdən qaçırmayın. Terrorçu intiharçılarda da müəyyən detallar bizi vaxtında tədbir görməyə yönəldə bilər. Özlərini partladanlara dair hüquq-mühafizə orqanlarının istintaq materialları bəzi detalları üzə çıxarır. 

Birincisi, terrorçu-intiharçılar ictimai nəqliyyata köhnə paltarda daxil olur. Çünki bir azdan özünü partladacağından bahalı paltara üstünlük vermir. İkincisi, onların gözləri bir yerdə dayanmır,  oynayır, hərdən altdan-altdan kiməsə baxırlar, xüsusilə kostyum-qalstuk taxmış şəxslərə. Onlara elə gəlir ki, gizli əməliyyat aparılır, indicə onu həbs edəcəklər. Üçüncüsü, onlar ayaqlarını tez-tez döşəməyə döyürlər və tez-tez nəfəs alırlar. 

Digər şübhəli məqam hava şəraiti və terrorçunun çəkisi ilə bağlıdır. Təsəvvür edin ki, bayırda hava istidir və bu vaxt içəri gödəkçə geyinmiş şəxs girir. Əvvəlcə, şübhəli adamın soyuqladığını güman etmək mümkündür. Lakin özünü normal aparmasını gördükdə təəssürat yaranır ki, soyuqlamayıb. Deməli, bu insan nəsə planlaşdırır. Yaxud, arıq bədənli insanın qarın nahiyəsinin qabağa çıxmış olduğunu görə bilərik. Bu, onun bədəninə bomba bağlaması ilə əlaqədardır.

Metroya çanta qoyub qaçanların törədəcəyi əməldən qaçmaq nibətən asandır. Bunun üçün sadəcə diqqəli olmaq lazımdır.  Sahibsiz əşya gördükdə dərhal maşinistə xəbər verilməlidir. Nəzərə alın ki, hər şeyi vaxtında yoluna qoymaq olar. Çünki terrorçu partlayan qurğunun saatını o vaxta təyin edir ki, özü metrodan çıxıb taksiyə əyləşib uzaqlaşsın. Bu da 5-10 dəqiqə vaxt aparır. Deməli, bu müddət ərzində çantanı metrodan uzaqlaşdırmaq, yaxud adamları kənara çəkmək mümkündür. Yetər ki, panika yaranmasın. Belə olacağı təqdirdə basabas yaranar və təhlükəsizliyi vaxtında səhmana salmaq çətinləşər.