...Gözlərinizdən öpürəm

gozlerinizden-opurem
Oxunma sayı: 7665

Nərmin Dadaşova

Qızımı yatırdıb yarım qalan işlərimi görmək üçün mətbəxə keçdim. Qulaqcıqlarımı taxıb tez-tələsik yır-yığış etməyə başladım. Bir xeyli vaxt keçmişdi, uşaq durunca otağın havasını da dəyişim deyib pəncərəyə yaxınlaşmışdım ki, üzbəüz hündürmətəbəli binadan bir qadının mənə nəsə işarə etiyini gördüm. Çox həyacanlı idi, qışqırırdı, az qalırdı pəncərədən hoppansın.

Tez pəncərəyə cumdum, qadının işarəsi ilə sol tərəfə baxdım, yatdığını zənn elədiyim qızım o biri otağın pəncərəsinə çıxıb paltar qurutmaq üçün bağladığım zivədən sallanırdı. Bir ayağı havada, o biri ayağınınsa sadəcə baş barmağı pəncərənin çərçivəsində idi. Donub qalmışdım. Yerimdən tərpənə bilmirdim çünki yanına getsəm yıxılar hissi vardı içimdə. Üzbəüz binadakı xala uşaq yerə baxmasın deyə pəncərədən ona oyuncaq göstərirdi. Bir əli ilə də hələ də mənə nəisə işarə edirdi. Uşaq məni görüb qışqırmağa başladı, səsi şillə kimi üzümə dəydi. Havadan yapışıb qalmış qızıma toxunanda dünyanın yükünü çiynimdən yerə qoymuşammış kimi bir hiss yaşadım.

Ovuclarımı deşən dırnaqlarımın göynəltisini hiss edəndə üzbəüz binadakı qadın yadıma düşdü. Qızımı möhkəm qucaqlayıb ayağa qalxdım, başımı yüngülcə yelləyib qonşu qadına təşəkkür etdim. O isə məni görmədi çünki əllərini üzünə tutub hönkür-hönkür ağlayırdı. O gündən sonra o xilaskar qadın haqqında hər dəfə düşünəndə gözlərim dolur. Onun tanımadığı bir uşaq üçün etdiyi canfəşanlıq, keçirdiyi stress, axıtdığı göz yaşı, əlindəki oyuncaq ayını həyəcanla sağa -sola tərpədib uşağın başını qatması ağlıma gələndə sinəmlə boğazımın arasında yığılan qəribə bir göynəlti, qəribə bir ağrı, qəribə bir sevinc hissindən boğuluram.

Beş gündür torpaqlarımız uğrunda gedən ölüm-qalım savaşından aldığımız hər xəbərdə- Şəhid olmuş döyüşçülərimizin adı açıqlananda, dəfn mərasimlərində ürəyi köz-köz olmuş ata, çənəsi əsə-əsə “Vətən sağ olsun” deyəndə, ayrı-ayrı bölgələrdə meydanlara toplaşıb Qarabağa getmək üçün bir balaca himə bənd olan gənclərimizin videolarını görəndə yenə o hissləri yaşayıram. Yenə boğazımla sinəm arasında qəribə bir ağrı, qəribə bir sevinc, qəribə bir qəhər hiss edirəm. Çünki, indi baş verənlər mənim üçün keçən yay qızımla bağlı yaşadığım dəhşətli hadisədən fəqli deyil. Onda da övladımın həyatı təhlükədə idi, köməyə ehtiyacı vardı və onun köməyinə məndən əvvəl başqası çatmışdı. Yenə mənim övladlarımın həyatı və gələcəyi təhlükədədir və bu dəfə isə onların harayına Azərbaycan əsgəri çatdı. Mən körpəmin qoxusunu içimə rahat –rahat çəkim deyə canını fəda etdi Azərbaycan kişisi. Özünə xas olanı, özünə yaraşanı etdi.

Beşinci, ya da altıncı sinifdə oxuyurdum. Müəlliməmiz müsabiqəyə təqdim etmək üçün “Vətən sərhəddən başlayır” adlı inşa yazmağımızı istəmişdi bizdən. Mənim yazdığım inşa qalib olmuşdu. Çünki onun ən təsirli yerlərini mən yox, anam yazmışdı. O vaxt nə bunu etiraf edəcək qədər cəsarətli, nə də vətənin sərhəddən başladığını biləcək qədər vətəndaş deyildim. Vətən necə sevilir? Vətənpərvər necə olunur? –bilmirdim. İlk dəfə Azərbaycan sərhəddini keçib başqa ölkəyə səfər edəndə yenə sinəmlə boğazım arasında düyünlənən o adını bilmədiyim duyğu, adını bilmədiyim hiss sən demə elə vətənpərvərlik imiş. Gördüyüm hər adamdan “Azərbaycanı tanıyırsanmı? ” soruşmam vətən sevgisi imiş. Sən demə, vətənpərvərlik pafoslu sözlərdə, “torpaq” qafiyəli şeirlərdə yox, sosial şəbəkə profillərində hamının bayrağa bürünməsi imiş.

“Vətən sevgisi” ifadəsinın üstündən şablonluq damğasının götürülməyinin əsl vaxtıdır. “Gələn il Novruz bayramını cıdır düzündə keçirək”, “Ən böyük arzum Qarabağa getməkdir” “İnşallah, torpaqlarımız işğaldan qurtulsun” deyən müğənnilər, məmurlar, əsgərlər, şairlər, rəssamlar- buyurun, zaman yetişdi. Söz sizdədir, söz bizdədir!

Markezin “Dünyanın ən gözəl ölüsü” hekayəsini oxumamış olmazsız. Orda məni təəsirləndirən kiçik bir nüans var. Təsadüfən ləpələrin yaşadıqları yerin sahilinə gətirib çıxardığı tanımadıqları insanın cəsədini dənizə kiməsiz kimi qaytarmaq istəməyən sakinlər kəndin ən mötəbər adamlarından ölmüş gəncə ata, ana bacı qardaş, xala bibi seçirlər. Beləliklə qısa zamanda bütün kənd əhli biz-birinə qohumlaşırlar. Yəni bir ölüm onlarla adamı bir araya toplayır. Bütün Azərbaycanı yumruq kimi birləşdirən ərənlər! Ruhunuz şad olsun! Bizim üçün əbədi yumduğunuz gözlərinizdən öpürəm...