Güc, ehtiras, cazibə... və tələ

guc-ehtiras-cazibe-ve-tele
Oxunma sayı: 2309

Dünya Sakit

“Bu oyun səni tezliklə maliyyə akulasına çevirib, həyatının arzusuna çatdıracaq!”, 

“Biznesi necə aparmalı - ən qısa müddətə öyrənmək istəyirsənsə, bu oyuna başla!”

“Qanın damarında dayanmır, sən öz gücünü hiss etmək istəyirsən? – Onda bu oyun əsl sənlikdir!”

“Güc, ehtiras, cazibə, böyük qələbələr – Hamısı bir oyunda, dayanma!”

Bunlar axtarış sistemlərinin birində axtarış verərkən qeydə alınan yüzlərlə səhifənin ilk 4-də yazılan reklam-çağırışlardır. Bu səhifələrin hərəsində bir online oyun reklam olunur, onu oynamaqla guya çox qısa müddətə əldə ediləcək yüksək nəticələr qeyd edilir. 

Maraqlı burasıdır ki, hamısı pulsuz oyun kimi təqdim edilən bu oyunlar reallıqda qətiyyən pulsuz deyil. Belə ki, bəzən 15-dək səviyyəsi olan online oyunların ən yaxşı halda 5-6-cı mərhələsinədək pulsuz getmək mümkündür. 

Məsələn, götürək döyüş oyunlarını. Azərbaycan kişiləri arasında çox populyar olan döyüş oyunlarında 4-5-ci səviyyəyədək pulsuz irəliləməyə şərait yaradılır. Ona qədərsə başlayan insanda oyuna aludəçilik yaranır. 5-6-cı səviyyədən sonra irəliləmək üçün müxtəlif texniki vasitələr, məsələn, döyüş silahları, zirehli geyimlər, oyun müasir dövrlə bağlıdırsa, yüksək zirehli texnika, atəş gücü-filan tələb olunur. Yəni bunlar olmadan səviyyə adlamaq mümkünsüz olur. 

Oyun yaradıcılarının hiyləgər siyasəti belədir: bir neçə nəfərə - “oyunçuya” bütün zəruri vasitələr verilir, onlar oyunlara buraxılır. Oyuna aludə olan digər “oyunçular”da istər-istəməz həmin şəxslərdəki vasitələri almaq istəyi yaranır. Onlar isə qətiyyən pulsuz deyil. Hər vasitə üçün müəyyən məbləğ ödəmək tələb olunur. Bəziləri ödənişi mobil nömrə, bəziləri isə bank köçürməsi ilə tələb edirlər. O vasitələri xeyli ucuz qiymətə alıb 9-10-cu mərhələyədək gəlirsən, baxırsan ki, daha güclü, daha böyük üstünlükləri olanlarını almalısan. Aylarla oyunu oynayıb ona alışan, forumlar və çat vasitəsilə “dostlar” qazanıb, qruplaşmalara qatılan “oyunçular” artıq dayanmağı bacarmır və daha böyük pullar xərcləməyə başlayırlar. Beləliklə, minlərlə, on minlərlə, hətta yüz minlərlə insan bu cür oyunların əsirinə çevrilərək, külli miqdarda vəsaitlərindən olurlar. 

Bu soyğun prosesindən az da olsa, oyun yaradıcılarından kənarda da qazananlar olur. Məsələn, bir qrup şəxslər var ki, oyunun yarıdan çox mərhələsini keçdikdən sonra “oyunçu”sunu digərlərinə satır. “Tanki” online oyununda iştirakçı olan bir ailə dostumuz gənc son illərdə 3-4 “oyunçu”sunu 500-700 manata satdığını deyir. 

Gəncin dediyinə görə, Rusiyadan idarə olunan rusdilli oyunların idarəçiləri Azərbaycanda admin kimi əsasən Bakı və Gəncə tərəfdən olanları cəlb etməyə çalışırlar. Çünki o zonaların kişiləri döyüş oyunlarına çox maraq göstərir, çoxlu da pul xərcləyirlər. İdarəçilər əsasən o tərəflərdən oyunçu cəlb edən şəxslərə adminlik və müəyyən hüquqlar verməklə xərcləməyə meylli adamları oyuna qatmağa çalışırlar. 

Gənc dostumuz hətta “Döyüşçü klubu” adlı oyunu açaraq, oradakı bir neçə yüksək səviyyələrə çatmış Azərbaycandan olan oyunçuları göstərdi və onların həmin səviyyəyə çatmaq üçün minimum 2-3 min manat xərclədiklərini dedi. Müxtəlif tarixi şəxsiyyətlərin adını götürmüş oyunçuların xeylisi Şəmkir rayonundan idi. Məlum oldu ki, Osmanlı sultanlarından birinin adını götürmüş bir oyunçu döyüşlərdə dəbilqə, zireh, qılınc, güc, can və sair almağa hər gün 200 manatadək pul sərf edir(!).

Bizim Rusiyada “zülümlə pul qazanırlar” dediyimiz Azərbaycan kişiləri döyüş həvəslərini real olmayan oyunlarda öldürməkdə, qazandıqlarını isə qadınlardan başqa həm də online oyun sahiblərinin cibinə axıtmaqdadırlar. Bəlkə də onların bir çoxları aylarla buradakı ailəsinə pul göndərmir belə...