Güləhmədin bəyliyi

Güləhmədin bəyliyi
Oxunma sayı: 1800

Qan Turalı 

Dünən Azərbaycanda bənzərinə dünyada belə çox nadir hallarda təsadüf olunan bir hadisə baş verdi.

“Güləhməd” filmin prodüseri öz filmini xalqımıza layiq görmədiyini elan etdi, üzr istədi və filmi nümayişdən çıxardı.

Filmi türk rejissor Metin Yücel çəkmişdi.

Əlbəttə, çox güman ki, pərdə arxasında başqa söhbətlər olub.

Çünki bu şirkət eyni zamanda “Kölgə” adlı serialın da prodüseridir.

Təsəvvür edin ki, bu serialın quruluşçu operatoru, baş rol aktyoru, quruluşçu rejissoru, layihə rəhbəri və prodüseri eyni adamdır.

İndi burda kimlərisə hədəfə almaq, hansısa serialları məsxərəyə qoymaq istəməzdim.

Facebookda bunun üçün minlərlə könüllü var və açıq etiraf etmək lazımdırsa öz işlərinin öhdəsindən heç də pis gəlmirlər.

Misal üçün “Ümid yeri” serialında bircə qram da ümid yeri qoymadılar. 

Söhbət “Ümid yeri”ndən düşmüşkən, dünən bu serialın rejissorunun “Qafqazinfo”da açıqlamasını oxudum.

Deyir, kanal HD yayım verə bilmir deyə belə keyfiyyətsiz görünür. 

Aktyor sözü düz deyə bilmirsə lap 6K keyfiyyətdə çək, nə dəxli...

Nəsə, sözüm başqadır.

Bu cür keyfiyyətsiz filmlər necə kinoteatrlara çıxır, bu seriallar necə efirə buraxılır?

Misal üçün, “Güləhməd” filmi prodüser qadağa qoymasaydı kinoteatrlarda nümayiş olunacaqdı. 

Doğrudanmı, kinoteatrlar özlərinə hörmət hissini itiriblər?

Ya da televiziyalar...

Ən azı texniki parametrlərə diqqət etməli olan televiziyalar efiri sözün həqiqi mənasında “Həsənsoxdu” dəyirmanına döndəriblər.

Serialların bədii tərəfi bir yana.

Arada baxırsan, görürsən ki, bum (səsi qeyd edən cihaz) yuxarıdan görünür. 

İşıq desən elə bil, işığı Küçələri İşıqlandırma idarəsindən götürüblər. 

Kamera da Lemyerin kamerasıdır, ənənəyə hörmət üçün onunla çəkirlər. 

İndi mən də başqaları kimi Türkiyədən misallar gətirə bilərəm.

Deyərəm ki, onlara baxın, bizə baxın.

Yox, elə deyil, bu dəqiqə Türkiyədə iki yüzdən artıq serial yayımlanır.

Əyalət kanalları belə serial yayımlayır, amma Kanal D, Star, ATV kimi güclü kanallar serial qəbul etdikdə işə diqqətlə yanaşırlar.

Ssenaridən tutmuş aktyor heyətinə texniki parametrlərə qədər hər şeyə fikir verirlər.

Keyfiyyətsiz məhsul olduqda geri qaytarırlar ki, bunu yenidən çəkin, biz kanalda bu keyfiyyətdə məhsul nümayiş etdirə bilmərik.

Yəni biz də bilək ki, bizim kanallar Türkiyənin əyalət kanalları kimi çalışır.

Sponsor varsa vəssalam, nə istəyirsənsə çək ver, kanal göstərir.

Filter yoxdur, keyfiyyətə nəzarət yoxdur.

Söz ordan düşübsə birin də deyim.

Türkiyənin heç bir özünə hörmət edən kanalında gündəlik serial yayımlanmır.

Çünki azacıq içdən başı çıxan adam bilir ki, günə bir seriya çəkmək mümkünsüzdür.

Bunu daha çox Türkiyənin STV-si edirdi, onların da keyfiyyəti çox aşağı idi, məlum olduğu kimi.

Kanallarımız da bu formatı təkrarlayır. 

Təsəvvür edin ki, ilə 200-dən artıq seriya yayımlanır. 

Bu məqamda hansı keyfiyyətdən danışmaq olar?

Filmə gəldikdə isə...

Əlbəttə, heç kimə film çəkməyə qadağa qoymaq olmaz.

Mədəniyyət nazirliyi sadəcə nümayişə gedən filmlərə lisenziya verir.

Filmdə pornoqrafik, milli ayrıseçkilik bir sözlə Cinayət Məcəlləsinin müvafiq maddələri barədə bir şey yoxdursa filmə lisenziya verir.

Bu belə də olmalıdır.

Dövlətin işi filmə ümumiyyətlə incəsənətə senzura tətbiq etmək deyil. 

Bəs kinoteatrlara nə gəlib?

Bu cür keyfiyyətsiz məhsulu tamaşaçıya niyə göstərirlər?

Məhəllədəki dükan keyfiyyətsiz pendiri götürmür.

Təəssüf ki, ölkəmizdəki vəziyyət budur.

Ölkəmizdə istedadlı kinematoqraflar film çəkmək üçün büdcə tapa bilmirlər.

Lakin “Güləhməd” kimi filmlər çəkilir də, nümayiş olunur da.

İndi gələcəkdə necə olacaq?

Gələcək nəsillərə film adına “Stalinin başı”nı göstərəcəyik?


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi