“Gülər Əhmədova cəngavər kimi döyüşür”

guler-ehmedova-cengaver-kimi-doyusur
Oxunma sayı: 644

- Bu gün mətbuat Gülərin prokurorluğa ifadə verməyə getdiyindən yazır. Bu adam sapsağlam vuruşur, hamıya hədə-qorxu gəlməkdə davam edir. Onu niyə məhkəməyə gətirtmirsiniz?

Hakim Ramella Allahverdiyeva:

- Biz qərar qəbul etdik ki, onun istintaqda və məhkəmədə verdiyi ifadələrə hüquqi qiymət veriləcək. Onun məhkəməyə gətirdilməsi məsələsi qurtarıb…

Əvəz Zeynallı:

- Xeyr, qurtarmayıb. Siz o qərarı qəbul edəndə onunla əsaslandırdınız ki, Gülər insult xəstəsidir, hətta telefonun dəstəyini götürməyə qadir deyil. Amma sonrakı günlər məlum oldu ki, bu adam sapsağlamdır və cəngavər kimi döyüşür. Görün bu adam məhkəməni, dövlətin qanunlarını necə heçə sayır ki, həkimdən bir arayış alıb məhkəməyə təqdim etməyi lazım bilmədi. Bu adam siz qarışıq dövlətə meydan oxumaqda davam edir. Mən ona suallarımı hələ verməmişəm, onun cavablarını almamışam, siz bu cür qanunsuzluğa necə yol verirsiniz? İndi biz bu xanımla nə edək? Onda məni niyə tutmusunuz? Mən niyə 13 aydır burdayam? Kim məni tutdurub? Niyə şər-böhtan yuvası olan bu qadın qanunlara, dövlətə bu qədər hörmətsizlik edir?

Vəkil Rəşid Hacılı:

- Gülər Əhmədovanın məhkəməyə gətirilməməsi məhkəmənin nüfuzuna ciddi təsir göstərəcək. O baxımdan onun məhkəməyə gətirilməsi təmin olunmalıdır. Bir daha çalışmaq lazımdır.

Əvəz Zeynallı:

- Bir adamı professional cinayətkar şəbəkə öldürür, bitirir, başqa bir adamın adına qoyurlar. Ondan sonra prokurorluq, istintaq, məhkəmə obyektiv və operativ araşdırma aparır və görürlər ki, ortada tamam fərqli şeylər baş verirmiş. İndi Ramiz Mehdiyev “Xural” qəzetini öldürüb, günahı da Gülərin boynuna atıb. Mən də burada sübut etməyə çalışıram ki, bu adam böhtançı və təhdidçidir. Bu adam bir ayağının üstündə durub yüz yalan danışır. Bu adamın yalanları bütün Azərbaycana bəllidir. Ya bunun ifadəsini işin içindən çıxarıb ortaya mövqe qoyun, ya da mən burada təqsirləndirilən şəxs olaraq özümü sübut etməkdən yoruldum. Faktları sizə təqdim etmək məndən çox Gülərin işidir. Sizdən bir daha xahiş edirəm: Gülər Əhmədovanın sizə və dövlətə meydan oxumasına imkan verməyin! Mən əminəm ki, Gülər Əhmədova Ramiz Mehdiyevin kabinetində oturub, məhkəmənin lent yazılarına baxıb gülür. Əgər siz bununla razılaşırsınızsa, mən qəbul etmirəm.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, sabiq deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istəmək ittihamı ilə tutulub.

2002-ci ildə yaradılan “Xural” qəzeti 2011-ci ilin oktyabrından nəşrini dayandırıb.