Güləşçilərimiz 2011-ci ildə 264 medal qazanıb

gulescilerimiz-2011-ci-ilde-264-medal-qazanib
Oxunma sayı: 645

Yığma komandalarımızın üzvləri 2011-ci ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda 22 qızıl, 12 gümüş, 33 bürünc – toplam 67 medal qazanıblar.

Bunların 27-si yeniyetmə güləşçilərin payına düşür. Yeniyetmə güləşçilərimiz Avropa çempionatında 7 qızıl, 4 gümüş, 7 bürünc, dünya çempionatında 2 qızıl, 2 gümüş, 5 bürünc medal qazanaraq güləşimizin gələcəyinin etibarlı əllərdə olduğunu nümayiş etdiriblər.

Gənc güləşçilərimizin də rəsmi yarışlarda iştirakı onların uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, gənclərimiz Avropa çempionatında 3 qızıl, 5 gümüş, 4 bürünc, dünya çempionatında 2 qızıl, 4 bürünc medal qazanmaqla ötən ildəki uğurlu nəticələrini davam etdiriblər.

Böyüklərdən ibarət yığma komandalarımız isə, qazandıqları 22 medalın 14-nü (6 qızıl, 8 bürünc) Avropa çempionatında, 8-ni isə (2 qızıl, 1 gümüş, 5 bürünc) dünya çempionatında qazanıblar. Eyni zamanda, XXX Yay Olimpiya Oyunlarına vəsiqə verən dünya çempionatında güləşçilərimiz 7 lisenziya qazanaraq 2011-ci ili uğurla başa vurublar.

Bundan başqa, yığma komandalarımız artıq ənənəyə çevrilən Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 197 medal qazanıb. Bu medalların 72-sinin əyarı qızıl, 46-sı gümüş və 79-nun əyarı isə bürünc olub.

Bu ilin mart ayında Rusiya Federasiyasının Maxaçkala şəhərində FİLA tərəfindən keçirilən böyüklərin Dünya kuboku yarışlarında, sərbəst güləş üzrə yığmamız komanda hesabında III yer qazanıb.

May ayında Almaniyanın Plauen şəhərində gənclər arasında ilk dəfə keçirilən Dünya kuboku yarışlarında yığma komandamız II yer qazanıb.

“Qarşıdan gələn 2012-ci il idmançılarımız üçün, böyük əhəmiyyət kəsb edən çox məsuliyyətli bir təqvim ilidir. 2012-ci ilin 7 ayı ərzində idmançılarımızın qarşısında əsas məqsəd XXX Yay Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşmaq, əldə olunmamış lisenziyaları qazanmaq və bu möhtəşəm yarışlarda yüksək əyarlı medallar qazanmaqdır”.