Gülnar Salmanova faciəsi...

gulnar-salmanova-faciesi
Oxunma sayı: 5161

Xuraman Hüseynzadə

Sibila Veyn Dorian Qreyə aşiq olandan sonra gözləri açılır. Səhnədə onu əhatə edən zahiri parıltını, saxtalığı görür. Başa düşür ki, Romeo qocadı, yaramazdı, qrimlənib; bağçadakı ay işığı həqiqi deyil, bağça özü də yalançı bağçadı-miskin bir dekordu sadəcə; səhnədə dediyi sözlər ona aid deyil, içdən gəmir o sözlər, ürəkdən deyilmir... Halbuki, Dorian Qreyi tanıyana qədər səhnə ilə nəfəs alırdı Sibila Veyn. Oynadığı rolları yaşayırdı. O obrazların hiss, həyəcanını özününkü hesab eləyirdi... Elə sənətinin də qurbanı olur. Son tamaşadan sonra intihar yolunu seçir...

Bəlkə də Sibila Veyn aktrisa olmasaydı başqa tale yaşayardı. Bəlkə də Dorian Qreyi heç tanımazdı da. Xoşbəxt olardı. Oskar Uayld, “Dorian Qreyin portreti”ndə Sibila Veyn obrazını yaratmaqla sənətin qüdrətini göstərdi...

Cilddən cildə girən, riyakar adamları görəndə aktyor və aktrisaların işinin nə qədər çətin olduğunu anlayırsan. Onlar bu prototipləri də səhnəyə gətirir. Sənəti sevdikləri üçün bu obrazları yaşayırlar. Müvəqqəti xəbis, əzazil, ikiüzlü, cani və s. olurlar. Tamaşaçı həmin an onların səhnədə hansı hissi, həyəcanı keçirdiyini bilmir...

Tamaşaçını güldürən, ağladan, həyəcanlandıran, düşündürən bir sənətin sahiblərinin faciəli sonluğuna yanmamaq, ağrımamaq olarmı?

Bir zamanlar tamaşaçını güldürən, düşündürən Xanım Qafarovanın faciəsindən sonra sənət adamlarının o cür köməksiz qalacağına inanmadıq. Dedik yəqin bu, ibrət olar mədəniyyətmizə başbilənlik edənlərə. Amma olmadı. Ardınca yenə sənət fədailərimizi kimsəsiz, sahibsiz, əlləri kömək üçün uzanılı halda itirdik... Bu da son-Gülnar Salmanova. Yaxşı ki, jurnalist İradə İsaq aktrisaya son günlərində həmdərd oldu...

Gülnar Salmanovanın dəfni haqda xəbərə baxdım. Belə yazmışdılar: "Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev dəfndə çıxış edərək Gülnar Salmanovanın sənəti, yaratdığı bənzərsiz obrazlar, Azərbaycan mədəniyyətindəki xidmətləri haqqında danışıb." Adam söz tapmır deməyə...

***

Gül-çiçəklər, əklillər altında uyuyan Gülnar Salmanovanın bir neçə gün öncəki solğun siması, köməksiz, yarımcan halı gəlir gözlər önünə. Düşünürsən: Faciə, faciədi... Nə fərqi, intihar elədi, ya da sahibsiz, diqqətsiz qaldığı üçün dünyadan köçdü?