“Günahkarın ədalət məhkəməsinə cəlb olunmasını tələb edirik”

gunahkarin-edalet-mehkemesine-celb-olunmasini-teleb-edirik
Oxunma sayı: 646

QMİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu günlərdə ABŞ vətəndaşı rejissor Sem Besilin çəkdiyi “Müsəlmanların məsumiyyəti” adlı film islamafobiyanın növbəti göstəricisinə çevrilib. Peyğəmbərimiz Hz. Məhəmmədi (s) təhqiramiz şəkildə təsvir edən bu üzdəniraq filmin nümayişi müsəlman dünyasının haqlı narazılığına və belə təxribatın acı nəticəsi kimi Liviyada Amerika səfirliyi əməkdaşlarının qətlinə səbəb olub. Nümayiş və etirazların dalğası bütün müsəlman dünyasını bürüməkdə və neçə-neçə günahsız insanın ölümünə yol açmaqda davam edir.

Son dövrün tarixi, özəlliklə özünü insan haqlarının və demokratiyanın müdafiəçisi kimi qələmə verən bəzi Qərb dövlətlərinin müsəlman ümmətinə qarşı irqçi və aqressiv münasibəti demokratik prinsiplərin tənəzzülə uğradığına dəlalət edir. Bir sıra müsəlman ölkələrində müqəddəs ziyarətgahların bombalanması, cümə namazlarında, bayram və matəm mərasimlərində dinc əhalinin terrora məruz qalması, Quranın hərbçilər tərəfindən nişangaha çevrilməsi, müqəddəs kitabımızın üzdəniraq pastor tərəfindən tonqallara atılması və nəhayət, son hadisə - İslam Peyğəmbərini təhqir edən bədnam “Müsəlmanların məsumiyyəti” filminin yaratdığı faciəli fəsadlar bütün dünyada humanizmə, ədalətə, bərabərlik və qardaşlığa olan ümidləri zəiflədir, dini və milli zəmində qarşıdurma və nifaq mühitinə yol açır. Bu son dərəcə məsuliyyətsiz əməllər məxsusi olaraq İslam dininə qarşı yönəldiyi üçün biz belə faktları ümumbəşəri sülhün pozulması, qütbləşmənin dərinləşməsi, dinlərarası və millətlərarası dialoqa vurulan zərbə kimi dəyərləndiririk.

Müsəlmanların haqlı qəzəb və hiddətinə səbəb olan bu hadisənin törədilməsi sivilizasiyalar arasında toqquşma yaratmaqdan başqa heç nəyə xidmət etmir. Bizi ən çox narahat edən və düşündürən odur ki, əsrlər boyu müsəlmanlar Qur`ani-Kərimdə Həzrət İsanın, Məryəm ananın, Həzrət Musanın adlarını ehtiramla zikr edir, Əhli-Kitaba hörmət ruhunda tərbiyə olunur və qarşı tərəfin də nümayəndələrindən eyni nəzakətli münasibəti gözləyirlər. Milli, dini və irqi zəmində zaman-zaman təkrar olunan bu ləyaqətsiz hərəkətlərə biz dini dözümsüzlük, ideoloji təxribat və cəzası vacib olan cinayət əməli kimi qiymət verir və hesab edirik ki, məhz cəzasızlıq sindromu yeni cinayətlərin, təxribatların, hətta terrorun təkrarlanmasına münbit şərait yaradır. Bu gün özünü “demokratiya beşiyi” adlandıran bir sıra dövlətlərin başçıları, din və ictimaiyyət xadimlərinin bu barədə ciddi düşünmək vaxtı çatmışdır. Unutmaq olmaz ki, bəşəriyyətin ən böyük bəlası olan terrorun qarşısını almaq üçün ilk növbədə terroru maddi və mənəvi cəhətdən dəstəkləyənləri cəzalandırmaq lazımdır. Qarabağ işğalına, Xocalı soyqırımına, erməni terroruna məruz qalan Azərbaycan xalqının nümayəndəsi kimi, biz terrorun bütün təzahürlərinə qarşı olduğumuzu bəyan edir, dini və milli ekstremizmi qətiyyətlə pisləyirik. Biz millətlər və dinlər arasında nifaq salan təxribatçı qüvvələrin hərəkətlərinə hüquqi qiymət verilməsini, bu olaylarda günahkar olan Sem Besilin, Terri Consun və digər səbəbkarların ədalət məhkəməsinə cəlb olunmasını tələb edirik.

Qafqaz Müsəlmanları İdarəsi olaraq, İslama və Peygəmbərimiz Hz. Məhəmməd salavatullaha qarşı təhqirlərin müsəlman dünyasında törətdiyi hadisələrin daha ağır nəticələr verəcəyindən narahatlığımızı bildirir, bu dünyada haqqın qələbəsinə inanan bütün insanları, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq bütün mütərəqqi ictimaiyyəti dini dözümsüzlüyə qarşı ciddi tədbirlər görməyə və birgə səy göstərməyə dəvət edirik. Gələcəkdə baş verə biləcək daha qorxulu fəlakətlərin, nüvə silahı qədər dağıdıcı gücə malik partlayışların qarşısını almaq üçün dünya dövlət başçılarının və din xadimlərinin ən yüksək məqamlarda söz deməsinin vaxtı çatmışdır. Bu müraciətdəki mövqeyimiz – bütün Qafqaz müsəlmanlarının iradəsinin və ədalət tələbinin ifadəsidir.