Günahla cinayətin fərqi

gunahla-cinayetin-ferqi
Oxunma sayı: 1504

Xuraman Hüseynzadə

Hər insanın Bezil Holluord kimi rəssama ehtiyacı var: üzünə baxa, qəlbinə nüfuz edə və çəkə vicdanının portretini. Bəlkə örtüyü həmin portretin üstündən çəkməklə onunla baş-başa qalmaq bizi vaxtında Dorian Qrey kimi yaşamaqdan xilas etdi?! “Düşüncə hakim olan yerdə silah məğlub olar”-hardasa oxumuşdum.

Dorian Qreyin bıçağını vaxtında fırçaya çevirmək lazımdı deməli...

***

Dorian Qrey haqda Oskar Uayldın düşüncələridi: “Daha yaxşı olardı ki, həyatda etdiyi hər bir günahına görə o, dərhal cəzalandırılaydı! Cəzada təmizlənmə var! Əslində, “Günahlarımıza görə bizi bağışla” deməzlər, “Cinayətimizə görə bizi cəzalandır!” deyərlər! Bəli, ədalətli Allahdan bunu diləmək lazımdır.” Aha! Bağışlanmağımızı yox, cəzalandırılmağımızı istəməliyik deməli. Raskolnikovu xatırladım... Onun baltasını da zamanında fırçaya çevirmək lazımdı. Bütün silahlar qələmə, fırçaya, dirijor çubuğuna çevrilməlidi əslində... Yalnız o zaman nə Xocalı uşaqlarının, nə də sahildəki aylanların faciəsini görərik...

Dorianqreylərin mənəviyyatını korlayan holluordları, iblis henriləri də cəmiyyət yetişdirir. Onların özlərinin də həmin portretə ehtiyacı var. Yatan vicdanları oyandığı zaman cizgi-cizgi, qırış-qırış oxuna sifətlərində.

Vicdanımızın inikas etdiyi həmin portretləri özümüz də çəkə bilərik. Zamanında bu istedadımızı üzə çıxarsaq, bıçağa ehtiyac olmaz bəlkə də...

Dorian eybəcərləşir sonda. O dərəcədə ki, o yaraşıqlı kişini gözəl üzündən yox, barmağındakı üzüklərdən tanıyırlar. Bu qədər günahın bir qarşılığı olmalıydı-yerdəki meyit Dorian eybəcərləşməli, yuxarıda-portretdəki “vicdan” gözəlləşməliydi. Vicdan gözəldi... Onun vətəni-qəlb də cənnətdi. Gözəllik cənnət üçündü, cənnət gözəllik üçün...

***

Maksim Qorkinin “Guşənişin”i qoca Savel deyir: “Vicdan bizim aramızda yurdsuz- yuvasız it kimi dolaşır, özünə yer tapa bilmir.” O “yurdsuz-yuvasız it” bizdən yemək istəmir, su istəmir, nə istəyir ki? Sadəcə balaca bir sığınacaq... Onu da tapmaq, qurub –yaratmaq üçün pula, sənədə, xahiş-minnətə , kiməsə yalvarmağa, yaltaqlanmağa ehtiyac yoxdu.

Qəlbimizdə balaca bir guşə ayıra bilərikmi, görəsən?

Ona-öz vicdanımıza...