Gündə üç dəfə, rüşvətdən sonra istefa...

gunde-uc-defe-rusvetden-sonra-istefa
Oxunma sayı: 1089

Qan Turalı 

Latviyada supermarketin damı uçdu. 54 nəfər öldü. “Hadisənin məsuliyyətini öz üstümə götürürəm” deyən baş nazir istefa verdi. 

Fransanın daxili işlər naziri: Bruno La Ruks. Qızlarının parlamentdə maaşla işlədiyini qəzetlər yazdı. Bir qızının 14, digərinin 16 yaşı vardı. Maaş aldıqları dövrdə təhsil düşərgəsində olduqları meydana çıxdı. Nazir Versala çıxıb istefa ərizəsini verdi. Ərizəsi qəbul edildi. 

Dissertasiyasında plagiat olduğu təsdiq olunan Almaniyanın təhsil naziri istefa verdi. 

Misirdə qatar məktəb avtobusu ilə toqquşdu. Nəqliyyat naziri istefa verdi. 

Polşada futbol üzrə Dünya Çempionatının seçmə oyunları zamanı yağan güclü yağışa görə İngiltərə ilə oyun təxirə salındı. İdman naziri buna görə istefa verdi.  

İsveçrənin maliyyə nazirinin xanımı market alış-verişində şokalad alarkən dövlətin ərinə verdiyi kredit kartından istifadə etdi. Dövlətin kassasında cəmi 30 manat xərclənmişdi. Qadın şokalad almışdı. Media hadisəni ortaya çıxartdı. “Məbləğ yox, məsuliyyət önəmlidir” dedilər. Nazir istefa verdi. 

Yaponiyanın iqtisadi inkişaf naziri “Yaxşı ki, zəlzələ Tokioda yox Tohakoda oldu” dedi. Bu sözləri ilə qalmaqal yaratdı. Bədəlini istefası ilə ödədi.

Böyük Britaniya büdcəsindən hər il 16 milyard funt sterlinq (20 milyard dollardan çox) əlillər üçün xərclənilir. Maliyyə naziri  dövlətin sosial müdafiə xərclərində qənaətə gedəcəyini açıqladı. Əmək və Sosial müdafiə naziri Lein Dunkan Smit istefa verdi.

Böyük Britaniyanın ilk müsəlman qadın naziri Sayeda Varsi ölkəsinin Qəzzada apardığı siyasətə etiraz əlaməti olaraq istefa verdi. 

Misalları sabaha qədər uzatmaq olar.

Son yeddi ildə Almaniyanın iki prezidenti istefa verib. 

Ağ Evdən hər gün istefa xəbərləri gəlir.

Bizdə elə sərt qaydalar yoxdur.

Mağazadan şokalad almaq nədir...

Lap şokalad fabrikini al.

Amma...  

Uşaqlarına bərk-bərk tapşır.

“Galinvagen”lərin möhkəm sürməsinlər.

Yol hərəkəti qaydalarına əməl etsinlər.

Kəmər taxsınlar.

Qırmızıda dayanıb, sarıda gözləsinlər.
 
Yaşılda keçsinlər.

Sağdan gələnə yol versinlər.

İmkan varsa ötüşməsinlər.

İyirmi il vəzifədəsən...

İstefa?

O nədir? Yemək olurmu onu? Yoxsa suya qatıb içirlər? Gündə üç dəfə, rüşvətdən sonra?