Günə 5-6 çiy yumurta içən balerina - Anası yəhudi, atası talışdır

Günə 5-6 çiy yumurta içən balerina
Oxunma sayı: 7570

Onun səhərləri ayaq barmaqlarının ucunda başlayır, axşamları isə dərs masasında bitir. Atası hər səhər qızına 5-6 çiy bildirçin yumurtası içirməsə, evdən buraxmır. Gün ərzində bir dəqiqə dayanmayan Azanın bu enerjiyə ehtiyacı var. Axı, o, balerinadır.

Zaman məfhumunu donduran insanlardır onlar. Necə deyərlər, yeddisində də, yetmişində də eyni incəlik, eyni zəriflik, eyni baxış. Bu xüsusiyyətlər hər telində, duruşunda, gülüşündə, sol əlinin biləyində gizlidir. 

Çoxdan balerina ilə söhbət etmək istəsəm də, xüsusi bir axtarış etməmişdim. Elə Azanın şəklini görənə kimi. Bu nərmanazik qız onlarla balerina arasında diqqətimi yaman çəkmişdi. Haqqında bir qədər məlumat topladıqdan sonra marağım daha da artdı.

Vaxt qərarlaşdırdıqdan sonra "Qafqazinfo" olaraq yollandıq gənc balerinamızın bir gününü çəkməyə.

“Səhər xoruzumuz banlayanda oyanıb dərsə gedir, bir də üzünü axşam görürük” –atası Vasif Nurullayev deyir. Azagil iki bacıdır. Böyük bacısı hazırda Amerika Birləşmiş Ştatlarında təhsil alır. Özü isə Bakı Xoreoqrafiya Akademiyasının qabaqcıl tələbələrindəndir. Nə qədər yorğun olsa da, gənc balerinamız üçün gün şən və dolu keçir. Bunda da ailəsinin və evin “əyləncəli sakinləri”nin rolu böyükdür. Azanın anası Sara xanım yəhudidir və 10 ildən çoxdur ki, ailəsi ilə Bakıda yaşayır. Atası isə əslən lənkəranlı olsa da, nənəsi rus əsillidir. Vasif bəyin dili ilə desək, tam multikulturist bir ailə...

Sara xanım özü də gəncliyində balet və idmanla məşğul olub. Qızını da bu sevimli rəqs növündə görmək onun üçün sevindiricidir:

“Mən də hər zaman baleti çox sevmişəm. Aza hərəkətli və bacarıqlı uşaq idi. Bu səbəbdən biz onu bədii gimnastikaya qoyduq. Müəllimləri çox razıydı, hətta onu yarışlara da göndərirdi. Ancaq o, sonradan qəti şəkildə balerina olmaq istədiyini dedi. Bir valideyn kimi övladımızın seçiminə hörmət etməliydik”.

Aza baletlə yanaşı fortepiano təhsili də almağa başlayır. Musiqi təhsilini qırmızı diplomla tamamlasa da, artıq bütün diqqətini baletə yönəldərək məşhur bir balerina olmağı qarşısına məqsəd qoyur:

“Televiziyada balerinaların rəqsini izləyirdim, mənə çox maraqlı gəldi. O gün fikirləşdim ki, balerina ola bilərəm. Nədənsə gimnastikanı heç sevməmişdim, yaxşı ki, o vaxt baleti seçmişəm”.

Aza dərslərini də ləngitmir. 9-cu sinfi fərqlənmə ilə bitirib. Hazırda əlaçıdır. Ona görə də axşamlar evə gələndən sonra onu, əsasən, dərs masasının arxasında tapmaq olar. Qızının bu qədər əziyyətini görən Vasif bəy hər zaman ona dəstək olmağa çalışır. Odur ki, balaca həyətlərində toyuq-cücə, bildirçin belə saxlayır ki, övladını tam orqanik qidalandıra bilsin. O, düşünür ki, yaxşı balerina olmaqla yanaşı, həm də savadlı insan olmaq lazımdır. Bunun üçün də qızı sağlam və gümrah böyüməlidir:

“Həyatdır, sabah hər şey ola bilər. Harada olmasından asılı olmayaraq, onun köməyində hər zaman savadı olacaq. Bir valideyn kimi gücüm çatdığı qədər arxasındayam, kömək etməyə çalışırıq. Onun da bu uğurları bizi çox sevindirir”.

Günel Hacı

Fotolar+Video: Nuran Məmmədov










Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi