Güneydə vəziyyət gərginləşir

guneyde-veziyyet-gerginlesir
Oxunma sayı: 661

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda Cənubi Azərbaycanda Urmu gölünün qurumasına laqeyd münasibətinə etiraz əlaməti olaraq Güney Azərbaycanın Təbriz, Urmu, Ərdəbil, Sulduz, Qoşaçay və s. şəhərlərində davamlı aksiyalar keçirildiyi bildirilir: “Ancaq fars şovinist rejimi dinc nümayişlərə qarşı dözümsüzlük nümayiş etdirərək, şəhərlərə hərbi birləşmələrini yeridib, əliyalın aksiya iştirakçılarına zor işlədib, onlara qarşı gözyaşardıcı qaz və plastmas güllələrdən, elektron və rezin dəyənəklərdən istifadə edib, nəticədə xeyli sayda soydaşımız xəsarət alıb. Hətta qadınlara və uşaqlara belə rəhm etməyən İran adlanan yerin təhlükəsizlik qüvvələrinin bir neçə nümayişçini qətlə yetirdiyi barədə xəbərlər də yayılıb. Lakin irqçi rejim onların ailələrinə təzyiqlər göstərdiyindən meyitlər gizli şəkildə dəfn edilir və bu haqda məlumat əldə etmək mümkün olmur. Aksiyalar zamanı, ondan əvvəl və sonra həyata keçirilən həbslərin sayı isə minlərlədir. Təkcə bu günlərdə Təbriz həbsxanasına bir gündə 250 soydaşımız köçürülüb. Bundan başqa, avqustun 24-də iftar mərasimi zamanı həbs olunan 30 yaxın milli fəaldan 15-nə məhkəmə tərəfindən 4 ay həbs cəzası kəsilərək Təbriz həbsxanasına göndərilib. Son günlərdə Ərdəbildə, Qoşaçayda, Muğanda yüzlərlə soydaşımız həbsə alınıb. Onların arasında Güney Azərbaycan Milli Hərəkatının müqavimət simvolu Abbas Lisani, tanınmış hüquq müdafiəçisi, xanım Fəranək Fərid, jurnalist Mehdi Qulami və s. var.

Biz Dünya Azərbaycanlıları Konqresi olaraq, İran adlanan yerdəki mövcud irqçi rejimin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi kütləvi repressiyaları pisləyir, həbsə alınmış bütün soydaşlarımızın dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını və nəhayət, Urmu gölündəki ekoloji fəlakətin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsini tələb edirik. Eyni zamanda beynəlxalq təşkilatları bütün lazımi addımları atması üçün Tehran rejiminə təzyiq göstərməyə çağırırıq”.