Gürcü nazir Qarabağla bağlı fikirlərinə aydınlıq gətirdi

gurcu-nazir-qarabagla-bagli-fikirlerine-aydinliq-getirdi
Oxunma sayı: 644

Onun keçən həftə Litva parlamentində Azərbaycan və Qarabağ münaqişəsindən dedikləri haqda məlumatlardan sonra Gürcüstanda müxalifət Panjikidzenin istefasını tələb edir. Panjikidze yanvarın 18-də parlamentə izahat verməyə çağırılır.

Ermənistan və Gürcüstan medialarının məlumatlarına görə, Panjikidze Litvada deyib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.

Gürcüstan müxalifətinin fikrincə, Panjikidzenin bəyanatı Erməni mediasında qalmaqal yaradıb, bu isə arzuolunmazdır, çünki yanvarın 17-də isə Gürcüstanın baş naziri İvanishvili Yerevana səfər etməlidir, indi bu səfər ləğv oluna bilər.

Panjikidze isə Azadlıq Radiosuna deyir ki, onun dedikləri ilə dedikləri haqda məlumatlar fərqlidir. Onun iki müxtəlif suala cavabını bir yerə cəmləyiblər.

Azadlıq Radiosu: Keçən həftə Litvada nə baş verib?

Panjikidze: "Suala görə çox sağ olun. Baş verənlərin iki səbəbi var. Birincisi, Gürcüstan mediası Azadlıq Radiosundan fərqli olaraq informasiyanı yenidən yoxlamır.

İkincisi, Gürcüstan müxalifəti öz dar partiya maraqlarından çıxış edir.

Əslində isə hər şey tamam başqa cür olub. Bunlar Litva parlamentinin Avropa Araşdırmaları Mərkəzində baş verib, maraqlananlar baxa bilərlər.

Azərbaycan səfirinin sualına cavab verərkən mən dedim ki, Gürcüstan Azərbaycanın ərazi bötövlüyünü və suverenliyini tanıyır.

Bundan sonra Ermənistan səfiri soruşdu ki, bütün münaqişələr eynidirmi və bütün münaqişələri bu modellə həll etmək mümkündürmü?

Mən cavab verdim ki, hər münaqişə özünəməxsusdur və elə bir resept yoxdur ki, bütün münqişələri bir reseptlə həll etmək mümkün olsun.

Dediklərim yalnız bunlardır.
Bundan sonra mənim sözlərimi kim , necə yozub, bunu artıq mən bilmirəm."


Belə baxanda Panjikidze Azərbaycanın ərazi bütövlüyü haqda Gürcüstanın həmişə dediyi rəsmi mövqeni təkrar edib. Bəs problem nədədir?

Erməni mediaisında gedən məlumatlarda əsas narazılıq Azərbaycanın ərazi bütövlüyü ilə Dağılıq Qarabağ probleminin həllinin bir yerdə çəkilməsindəndir. Yəni belə bir fikir aşılanır ki, bunlar iki fərqli məsələdir - Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın ərazi bütövlüyünə dəxli yoxdur./azadliqradiosu/