“Gürcü xalqı bu təxribata getməz”

gurcu-xalqi-bu-texribata-getmez
Oxunma sayı: 892


- Mən baş verənlərə bir qədər kompleks halında yanaşmağın tərəfdarıyam.   Dörd həftə öncə Bolnisidə soydaşımız , icra başçısının müavini Xaləddin İsmayılovun kabinetinə 30 nəfər soxularaq onun vəzifədən istefa verməsini tələb edir və millətin ünvanına təhqiramiz ifadələr işlədilir. Bir neçə gün öncə yenə onun istefası tələb olundu. Srağagün də Cavaxetiyada məscid minarəsinin üçürulması kimi rəzalət və ona qarşı etirazlar başlayır. 

Nə baş verir?  Axı son illərdə bəzi xırda problemlər istisna olmaqla bu zəmində hər hansı insident halı müşahidə olunmurdu. Şübhəsiz bu məsələdə Azərbaycanla Gürcüstan arasındakı iqtisadi münasibətlər də təsirsiz olmayıb. Baxmayaraq ki, Azərbaycan tərəfi istər Bakı-Tiflis-Ceyhan neft kəməri, istərsə də Bakı-Tiflis-Qars dəmir yolu layihəsində Gürcüstana etdiyi güzəştlərində soydaşlarımız üçün arzu olunan qarant mövqeyini qazandıra bilməyib. Amma yaxşı bilirik ki, strateji müttəfiqimiz sayılan Gürcüstan üçün bu layihələrdən daxil olmalar həyat damarı funksiyasını daşıyıb. Bəs nə isə dəyişdimi?

Təbii ki, xeyr. İstər Azərbaycan, istərsə də Gürcüstan əbədi qonşu ,strateji müttəfiq, eyni zamanda analoji problemlərə malik olan dövlətlər kimi oxşar xarici siyasət kursuna da malikdirlər. Xalqlarımız arasında da dostluq fəzası hakimdir. Bunu ötən ay Dmanisidə, Armudlu yaylasında Borçalı cəmiyyətinin təşkil etdiyi Elat günündə də yaxından müşahidə etdik. Elə həmin gün orada bir daha dostluq və qardaşlıq mesajları səsləndirildi. 

- Rüfət bəy bəs nigaranedici sayılan nədir?

- Qeyd etdim ki, hər iki dövlətin xarici siyasət kursu oxşardır. Söhbət Avrointeqrasiyadan gedir. Gürcüstan son 10 ildə bu sahədə daha böyük uğurlar qazanıb. Ölkədə yaranan demokratik atmosferdən təbii ki, bizim soydaşlarımız da paylarını alıblar. Şübhəsiz bu bizi sevindirir. Əslində demokratiya, demokratik ortam çox sorunları çözməyə qadirdir. Bir daha təkrar edirəm ki, bu reallığı müəyyən mənada ötən illərdə soydaşlarımızla bağlı sərgilənən siyasətlərdə də hiss etdik. Amma son zamanlar regionda baş verən siyasi prosesləri diqqətdən qaçırmaq olmaz. Rusiyada yenidən hakimiyyət ötürülməsindən sonra bölgə ilə bağlı siyasət daha aktiv fazaya daxil olub. Gürcüstandakı son parlament seçkiləri və onun nəticələri göz önündədir. Hər halda bunu gürcü xalqının seçimi kimi dəyərləndirir və hörmətlə yanaşırıq. Lakin mən əminəm ki, hazırda gürcü xalqı və Gürcüstanda yaşayan digər xalqlar "şimaldan əsən küləklərin"  fərqindədirlər. Eyni zamanda yəqin ki, törədilə biləcək hər hansı təxribata da adekvat cavab vermək iqtidarındadırlar. Bu təxribatların həm etnik, həm də dini zəmində olması ehtimalı mümkündür. Çox həssas məsələdir və durumu araşdırmadan dəyərləndirmək xoşagəlməz sonuclara səbəb ola bilər. Daxil olan məlumatlar isə nigaran olmağa əsas verir. Məsələn son günlər eşitdiyimiz müsəlmanlarla xristianlar arasında din faktorunun ortaya atılması kimi xəbərlər, hətta müsəlmanlar arasında sünni-şiə məsələsinin qabardılması kimi tendensiyalar gerçəkdən nigaranedicidir. Gürcüstana sünni-şiə ixtilafı ilə bağlı məfkurənin haradan ötürülməsi də hər kəsə məlumdur. Yəni Azərbaycan məsələsində tarixən ənənəvi müttəfiqlər indi də əl-ələ verib Gürcüstandakı soydaşlarımızla bağlı təxribata üz tuturlar. Mən çox istərdim ki, Qafqaz müsəlmanlarının şeyxi Allahşükür Paşazadə də bu duruma seyrçi qalmasın.

Azərbaycan hakimiyyəti də nəhayət mövqe sərgiləməlidir. Mən soydaşlarımızla görüşlərdə əmin oldum ki, Borçalı insanı buranın neftini də, qazını da istəmir. Deyirlər ki, onlar özünüzün olsun. Amma heç olmazsa iddia etdiyiniz soydaşlıq missiyasında səmimi olun.

- Sizcə durum bu qədər kritikmi?

- Bayaq dediyim kimi, mən inanmıram ki, gürcü xalqı hər hansı təxribata imkan verəcək. Baş verənlər yalnız yuxarıda qeyd etdiyim  məlum dairələr tərəfindən maliyyələşdirilən qrupların işi sayılmalıdır. Amma bu məsələdə istər Gürcüstan , istər Azərbaycan hakimiyyətləri , istərsə də hər iki ölkənin ictimai-siyasi və dini dairələri ayıq olmalıdırlar. İnsanların milli və dini hisslərinə toxunan və bu hissləri körükləyən hər hansı əməl qanunla adekvat cavabını almalıdır. Əks  halda situasiyaya nəzarət itirilə bilər.