Gürcüstan Azərbaycanın təcrübəsini öyrənir

gurcustan-azerbaycanin-tecrubesini-oyrenir
Oxunma sayı: 653

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, bununla əlaqədar olaraq, respublikamızda qeyd olunan sahədə əldə olunan təcrübənin öyrənilməsi məqsədilə Gürcüstan Respublikasının Əmək, Səhiyyə və Sosial Məsələlər üzrə nazir müavini İrakli Nadareyşvili və Məşğulluq nazirinin müavini Nikolaz Ramişvili iyulun 22-dən etibarən Azərbaycanda səfərdədir.

Bu gün Gürcüstanın hər iki nazir müavini ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri İlqar Rəhimov və Natiq Məmmədov, nazirliyin Aparat rəhbəri Elnur Kələntərov arasında görüş keçirilib. Görüşdə qonaqları səmimi salamlayan nazir müavini İlqar Rəhimov Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq bildirib ki, bu gün iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı getdikcə güclənir. Xüsusən də regional və ümumən beynəlxalq əhəmiyyətli iri iqtisadi layihələrin icrasında Azərbaycan və Gürcüstan çox fəal əməkdaşlıq həyata keçirirlər.

İki ölkənin yaxın qonşuluq və dostluq münasibətlərinə əsaslanan əməkdaşlığının əmək və əhalinin sosial müdafiəsi sahəsini də əhatə etdiyini qeyd edən nazir müavini İlqar Rəhimov digər sahələrdə olduğu kimi, bu sahədə də əməkdaşlığın inkişafına Azərbaycan tərəfinin xüsusi önəm verdiyini, bunun üçün nazirlik tərəfindən bütün lazımi səylərin göstəriləcəyini vurğulayıb.

Nazir müavini İrakli Nadareyşvili səmimi qarşılanmaya görə öz təşəkkürünü bildirərək, Azərbaycanda əldə olunan dayanıqlı iqtisadi inkişaf dinamikasının yaxın qonşu və dost ölkə kimi Gürcüstan tərəfində məmnunluq hissi doğurduğunu və bu gün ölkəsində də inkişaf meyllərinin davamlı xarakter aldığını diqqətə çatdırıb. Qeyd olunub ki, Gürcüstan da əmək və əhalinin sosial müdafiəsi, həmçinin məşğulluq sahəsində islahatlar aparan bir ölkədir və bu sahədə Azərbaycanda əldə olunan nailiyyətlər və mövcud təcrübənin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

Görüş zamanı hər iki ölkənin nazirliklərinin fəaliyyət sahələrinə aid olan məsələlər və ikitərəfli əməkdaşlıqla bağlı gələcək perspektivlər müzakirə edilib, eyni zamanda ünvanlı sosial yardım, aktiv sosial tədbirlər, məşğulluq və əməyin mühafizəsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial yönümlü layihələrin və dövlət investisiya proqramları əsasında hazırlanan sosial obyektlərin təqdimatı olub. Daha sonra Gürcüstanın hər iki nazir müavini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bölgələrlə birbaşa videoəlaqə yaratmağa imkan verən videokonfrans zalında olub və onlar ayrı-ayrı bölgələrin sakinləri ilə distant formada əlaqə saxlayıblar.
Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələrinin fəaliyyəti, aztəminatlı ailələr üçün aktiv sosial yardım proqramları, o cümlədən Özünədəstək proqramı, Sosial Dəstək Fondunun yaradılmasına hazırlıq işləri, aktiv əmək bazarı proqramları və s. ilə yaxından tanış olacaqlar.