Gürcüstan pilotsuz təyyarələrini təqdim etdi

gurcustan-pilotsuz-teyyarelerini-teqdim-etdi
Oxunma sayı: 646

Sınaq uçuşuna tamaşa edənlər arasında Gürcüstan prezidenti Mixail Saakaşvili də olub. Gürcüstanın Müdafiə Nazirliyinin məlumatına görə, 8 saat ərzində havada qala bilən yerli pilotsuz təyyarələr yerdən 3000 metr yüksəkliyə qədər qalxmaq və saatda 160 kilometr sürətlə hərəkət etmək qabiliyyətinə malikdir. Üzərində kameralar quraşdırılmış və foto çəkmək xüsusiyyətinə də malik olan pilotsuz təyyarələrin sahil-mühafizə, sərhəd-nəzarət xidmətləri ilə yanaşı, mülki məqsədlərlə də istifadə ediləcəyi bildirilir. Pilotsuz təyyarələrin içində yerə eniş zamanı zərbənin təsirindən yarana biləcək zədələrin qarşısını almaq üçün hava yastığı və paraşüt sistemi də var.

Gürcüstan prezidenti Mixail Saakaşvili də yerli istehsal olan pilotsuz təyyarələri mədh edib. "Bu, sadəcə bir başlanğıcdır. Biz daha böyük və hərtərəfli texnoloji potensiala sahibik. Çox az ölkə bu texnologiyalara sahibdir. Bunun hərbi, texnoloji və intellektual baxımdan çox əhəmiyyətli olduğunu düşünürəm" - deyə, Gürcüstan prezidenti bildirib.

Xatırladaq ki, Gürcüstan 2007-ci ildə imzalanmış saziş çərçivəsinə İsrailin "El bit systems" adlı elektronik müdafiə şirkətindən "Skylark mini" və "Hermes 450" taktik pilotsuz təyyarə sistemlərini almışdı. Kəşfiyyat təyyarələrinin istehsalçısı olan şirkət aldığı silahların 100 milyon dollarlıq borcunu ödəməyən Gürcüstanı İngiltərə məhkəməsinə verərək, məhkəməni qazanmışdı.

anspress