“Gürcüstan Qarabağın mal-qarasını bizə ötürür”- - Ekspertin şok rəyləri

gurcustan-qarabagin-mal-qarasini-bize-oturur-
Oxunma sayı: 2405


Ölkənin kənd təəssərüfatının çiçəklənməsini demək bizim üçün hələ tezdir. Bu sektorun bəzi sahələrinin inkişafında ya ləngimə gedir, ya da baxımsızlıqdan əziyyət çəkir. Günümüzün aktual məsələləriylə bağlı aqrar sektor üzrə ekspert, alim-aqronom Vahid Məhərrəmov “Qafqazinfo” ilə fikirlərini bölüşüb. İqtisadi tədqiqatlar Mərkəzinin mütəxəsisi ilə maraqlı müsahibəni təqdim edirik.

“İsraildə geni dəyişdirilmiş o qədər növlər yaradılır ki, həmin məhsula ad vermək problemə çevrilib”

Ən əvvəl son illərin mübahisəli mövzusu olan geni gəyişdirilmiş (geni modifikasiya olunmuş-GMO) kənd təəssərüfatı məhsullarının zərərli olub olmamasından danışaq. Qabaqcadan deyim ki, bir çoxu kimi müsahibim Vahid müəllim GMO məhsullarını düşmən hesab etmir. Ekspert bunu belə əsaslandırır. “Geni dəyişdirilmiş məhsulların insan orqanizminə heç bir zərəri yoxdur. Belə məhsulun istehsalının məqsədi ölkənin tələbatını ödəməkdirsə, axı niyə olmasın. Əsas odur ki, bu cür kənd təsərrüfatı məhsulları xüsusi nəzarət altında yetişdirilsin. Dünyanın aparıcı dövlətlərində bu sahəni diqqətdə saxlayan xüsusi elmi mərkəzlər var. Elə işin əsasında da bu məsələ durur. GMO məhsulu istehsal edən ölkə bu məhsul barədə kifayət qədər məlumatlı olmalıdır. İsrail, ABŞ, Kanada, Yaponiya, Çin, Qazaxıstan, Rusiya kimi ölkələrdə hökümət bilavasitə GMO məhsulların istehsalına icazə verməklə yanaşı ona ciddi nəzarət edir. ABŞ-da istehlakçıya təklif olunan məhsulun 68 %-i, İsraildə isə bu göstərici 50%-i təşkil edir. İsraildə yalnız bitkiçilik məhsulları deyil, balıqçılıqda da bu metoddan bəhrənəlirlər. Hətta bu ölkədə gen mühəndislərin yaratdıqları məhsullar o qədər çoxluq təşkil edir ki, yeni sortlara ad fikirləşməkdə çətinlik çəkirlər. Bir məqamı qeyd edim. Deputatımız Vahid Əhmədov bir tədbirdə qeyd etdi ki, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov İsrailə səfəri zamanı həmin ölkənin GMO məhsulundan istifadəsini qınayıb, onları Azərbaycana ekoloji təmiz qida dadmağa çağırıb. Halbuki, bizim özümüzdə də təmiz orqanik məhsulun olması şübhəlidir.Hazırda dünyanın 193 ölkəsindən 20-si GMO məhsulu istehsalına qadağa qoyub. Onlar arasında Azərbaycan da yer alır. Təəssüf ki, Azərbaycanda bu sahədə qarışıq, neqativ fikirin formalaşmasında mütəsəsislərin azlığı da rol oynayır. Bundan başqa genetika, seleksiya sahəsində institutları genişləndirmək, inkişaf etdirmək lazımdır. Bu sahədə kadrlar yox dərəcəsindədir. Özünü alim adlandıranlar isə məsələnin kökünü araşdırmadan, kortəbii şəkildə GMO məhsulu pisləyirlər. Halbuki GMO məhsulları doğru yetişdirilərsə, ondan istifadə insan sağlamlığına heç bir zərər verməz. Axı biz tələbatımızı təmin edəcək qədər məhsul özümüz də istehsal edə bilərik. Əslində, aqrar sahənin, lap taxılçılığın zəif inkişaf etdirilməsi bəzi məmurlara sərf edir. Təssəvvür edin, ildən ilə ölkəyə gətirilən taxılda artım müşahidə olunur və məmur oturduğu yerdə gələn hər buğdanın (idxal 1 milyon 500 min ton təşkil edir) tonunda 20 dollar qazanırsa, onda niyə özümüzdə taxılçılığın inkişafına imkan verməlidir? Bir daha qeyd edirəm ki, bu sahədə məlumatsızlıq, inkişafda ləngimələr davam edir. Hamı bilməlidir ki, GMO məhsulunun yaradılmasına ehtiyac əsas bu səbəbdən irəli gəlib. Əhali arasında ərzaq qıtlığı problemi həll edilsin. Çünki bu bitkilərin məhsuldarlığı çox olmaqla yanaşı, zərərvericilərə, xəstəliklərə və stress amillərə qarşı daha davamlı olur. Hətta bitkilərə qulluq zamanı xüsusi kimyəvi maddələrə, pestisidlər da ehtiyac qalmır. Bir də məlumatınız olsun ki, dərmanların 70%-i, insulin isə 100% GMO məhsuldan əldə olunur. Bəs sual oluna bilər? İllərdir, bu mübahisə niyə davam edir? Məsələ ondadır ki, bir çox sahələrdə olduğu kimi, bu sahədə də maraqlı tərəflər, öz mənafeyini güdən transmilli şirkətlər və onların marağına xidmət göstərən yalançı alimlər, jurnalistlər var. Bu səbəbdən bir qrup alimlər, jurnalistlər müxtəlif kimyəvi maddə, dərman istehsalçılarının sifarişi ilə GMO haqqında belə gərəksiz məlumatlar yayırlar. Bunun qarşılığında qrantlar, maliyyə dəstəyi alırlar. Azərbaycanda da bu tendensiya nəzərə çarpacaq dərəcədədir. Halbuki, GMO məhsullardan istifadə etməmək hələ təhlükəsiz qidadan uzaq durmaq deyil. Hər il dünyanın aparıcı şirkətləri, nüfuzlu media orqanları müxtəlif hesabatlar yayırlar. Böyük Britaniyanın “Ekonomist” jurnalının son rəyinə görə, qida təhlükəsizliyindəki səviyyə üzrə Azərbaycan 109 ölkə arasında 62-ci yeri tutur. Yerli dövlət orqanları belə ürəkaçıcı olmayan

faktları obyektiv adlandırmırlar. Çünki həqiqətlərin gizlədilməsi, ört-basdır edilməsi gərəkdir. Bu münasibət biz mütəxəsislərin araşdırmalarına da göstərilir. Reallığı əks etdirən, əldə etdiyimiz faktları, göstəriciləri subyektiv rəy hesab edirlər”.

“Milyonlarla dəyərləndirilən layihələr naşı adamların əlindədir”

Hər il dövlət başçısı aqrar sahədə islahatların keçirilməsinə dair çoxsaylı sərəncamlar, fərmanlar imzalayır. Təəssüf ki, bu sahədə də neqativ məqamlar çoxluq təşkil edir. Ekspert Vahid müəllimin fikrincə, problemlərin yaranmasında bir çox səbəblər var. Ən əvvəl ölkəyə gətirilən və ölkədə istehsal olunan məhsullara tam nəzarətin olmamasıdır. Digər səbəb isə, milyonlarla dəyəri olan layihələrin qeyri-mütəxəsis, naşı adamlara həvalə olunmasıdır. Konkret bir misal çəkim. Ölkə başçısının Nazirlər Kabineti nümayəndələri ilə son görüşündə bir məsələ vardı. Şəmkirçay su anbarının tikilməsiylə bağlı işlər başlayıb, amma hələ də məlum deyil ki, bu anbardan nə qədər ərazinin suvarılmasında yararlanılacaq. Halbuki, Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi üçün büdcədən milyonlarla maliyyə vəsaiti ayrılıb”.

“Gürcüstandan gətirilən iribuynuzlu heyvanlar Qarabağda yetişdirilir”

Mütəxəsis ölkəyə idxal olunan mal-qaraya nəzarət olunmamasından da şikayətlənir. Vahid müəllimin sözlərinə görə, zaman-zaman nəzarətsizliyin ortaya çıxardığı problemlərin şahidi oluruq. “Bir neçə gündür, Cəlilabadda iribuynuzlu mal-qara arasında virus mənşəli nodulyar dermatit (“dəridə düyün” ) yayılması ilə bağlı xəbər eşidirik. Faktlar bunu göstərsə də, Dövlət Baytarlıq Xidməti narahatçılığa əsas olmadığını bildirir və rayonlarda bu xəstəlik nəticəsində kütləvi təlafat halların olduğunu ört bastır edir. Xəstəliyin yayılması aqrar sahəyə, sahibkarlara ziyan vurur. Belə ki, xəstələnmiş iribuynuzlu heyvanlar ciddi nəzarət altında saxlanmalı, virusun digər heyvanlara keçməsinin qarşısı alınmalıdır. Xəstəlik nəticəsində çəkisi azalan heyvanların kəsilərək bazarlarda, yarmarkalarda istehlakçılara satılmasına yol verilməməlidir. Aidiyyatlı qurumlar hələ ki, susur , vəziyyətin nəzarətə götürüldüyünü bəyan etsələr də xəstəlik geniş şəkildə yayılmaqda davam edir. Virusun yoluxma təhlükəsi barədə xəbər yoxdur. Ötən il mal-qara arasında bünyavirus xəstəliyi yayılanda da aidiyyatı qrumlar həmin xəstəliyin təhlükəsiz olduğunu sübut etməyə çalışdılar. Lakin biz Dünya Səhiyyə Təşkilatınin məlumatını ictimailəşdirdik. Həmin məlumatda Çində bünyavirus xəstəliyindən insanların yoluxması faktı yer tutmuşdu. Bizdə hələ də ölkəyə idxal olunan mal-qaraya nəzarət başlı-başına buraxılıb. Çünki, yoluxma ölkəyə gətirilən mal-qara vasitə ilə də baş verə bilər. Ötən il təkcə Gürcüstandan Azərbaycana 3 273400 ABŞ dolları dəyərində 109.435 min baş diri iribuynuzlu mal-qara gətirilib. Orta hesabla hər birinin idxal dəyəri 29 dollar 29 sent təşkil edib. Sizcə 120 kq təmiz ət çıxışı olan bu heyvanlar 3 kq ət qiymətinə necə satıla bilər? Dələduzluq, saxtakarlıq, vergidən yayınma halları –vəziyyəti yalnız belə qiymətləndirmək olar. Bu sayda mal-qaranın yoxlanılması sual altındadır. Bir məsələ də var. Bu qədər mal-qaranın Gürcüstandan idxal olunması sual doğurur. Onu deməliyəm ki, mal-qara Qarabağdan Ermənistana sonra Gürcüstana, oradan da asanlıqla Azərbaycana ötürülür. Nəzarətsizliyin baş alıb getdiyi şəraətdə heç bir maneə də ola bilməz. Ən pis hal odur ki, heyvandarlıqda da inhisarçılıq hökm sürür, bir qrup məmur bu sahəni öz əlində saxlayıb. Ölkəyə mal-qara idxalı zamanı gömrükdə yoxlamalar aparılmır. Qeyd edim ki, ildən ilə ölkəyə idxal olunan kənd-təssərüfatı məhsullarında ciddi artım var. Bu da, yerli sahibkarların, fermerlərin istehsal etdiyi məhsula olan təlabatı azaldır, həm də idxal malları, məhsulları ilə sərhəddimizi keçən xəstəlik törədiciləri istehsal gücümüzə xələl yetirir”.

Raminə Eyvazqızı