Gürcüstana yatırılan investisiyaların həcminə görə birinci yerdəyik

Gürcüstana yatırılan investisiyaların həcminə görə birinci yerdəyik
Oxunma sayı: 481

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb. 

Şahin Mustafayev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrinin genişləndiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, təkcə 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 17%, ixrac 13% artıb.

Azərbaycan və Gürcüstanın beynəlxalq əhəmiyyətli enerji və tranzit layihələrinin iştirakçısı olduğunu qeyd edən Ş. Mustafayev ötən ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun layihənin iştirakçısı olduğu ölkələrin iqtisadiyyatı, eləcə də regionun tranzit və logistika imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, bu yaxınlarda Pekində Azərbaycanın təşkilatçılığı, Türkiyə, Gürcüstan və Qazaxıstanın iştirakı ilə “Bir kəmər və bir yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş Beynəlxalq Konfrans keçirilib, Çin tərəfi Trans-Xəzər dəhlizinə və Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərdiyini və əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Şahin Mustafayev Konfrans çərçivəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili ilə görüşdüyünü və ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına, tranzit imkanlarına dair fikir mübadiləsi apardıqlarını qeyd edib.

Azərbaycanın iqtisadiyyat naziri Gürcüstanla iqtisadi sahədə əməkdaşlıq imkanlarına dair də fikirlərini bölüşüb.

Dmitri Kumsişvili ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərinin olduğunu, iqtisadi sahədə əlaqələrin inkişafından məmnunuluğunu bildirib,

Gürcüstana yatırılan investisiyaların həcminə görə Azərbaycanın birinci yerdə olduğunu vurğulayıb. D. Kumsişvili Pekində keçirilmiş konfransda hər iki ölkənin iştirakçısı olduğu nəqliyyat layihələrinin və regionun tranzit potensialının Azərbaycan tərəfindən yüksək səviyyədə təqdimatını müsbət qiymətləndirib və minnətdarlığını bildirib, belə tədbirlərin digər ölkələrdə də keçirilməsinin əhəmiyyətini qeyd edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi