Gürcüstanda Azərbaycan toplantısı

gurcustanda-azerbaycan-toplantisi
Oxunma sayı: 658

“Qafqazinfo”nun məlumatına görə, Gürcüstanın Marneuli şəhərində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Şuşanın və Laçının Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbir çərçivəsində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə hazırlanan “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa ”filminin və Laçın rayonundan məcburi köçkün Əli Əliyevin müəllifi olduğu “Əlli dörd gün erməni mühasirəsində” kitabının təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva, Milli Məclisin üzvü Gülər Əhmədova, Gürcüstan parlamentinin deputatı Azər Suleymanov, gürcü ziyalıları, KİV nümayəndələri və gənclər iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov qonaqları salamlayaraq Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın tarixi və işğalı barədə danışıb.

Millət vəkili Qənirə Paşayeva ilk öncə Azərbaycanın ərazi bütövlüyü naminə vuruşub şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.

Qənirə Paşayeva çıxışında deyib ki, şəhidlərimizin ruhu yalnız torpaqlarımız erməni işğalından azad olduqdan sonra şad olacaqdır: “Mən əminəm ki, o gün uzaqda deyil. İnşallah, birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik”.

Sonra çıxış edən millət vəkili Gülər Əhmədova qeyd etdi ki, bu həqiqətlər ilk öncə gənclərə və yeniyetmələrə təbliğ olunmalıdır. Uşaqlara kiçik yaşlarından bildirilməlidir ki, bizim xalqa qarşı nə cür cinayətlər törədilib.

Tədbirdə çıxış edən Gürcüstan Parlamentinin deputatı Azər Suleymanov, yerli ziyalılar da bu cür tədbirlərin keçirilməsinin çox əhəmiyyətli olduğunu qeyd ediblər.

Tədbir çərçivəsində ilk növbədə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin hazırladığı “Dağıdılmış mədəniyyət beşiyi - Şuşa” filmi tədbir iştirakçılarına təqdim olundu. Azərbaycan, Qarabağ həqiqətlərinin Gürcüstanda daha geniş şəkildə yayılması məqsədilə filmin nüsxələri Gürcüstanın bir sıra təhsil ocaqlarına, QHT-nə və KİV-ə paylanılıb.

Eyni zamanda tədbir çərçivəsində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə çapdan çıxan Laçın rayonundan məcburi köçkün Əli Əliyevin müəllifi olduğu “Əlli dörd gün erməni mühasirəsində” kitab da tədbir iştirakçılarına və Gürcüstanın təhsil ocaqlarına, QHT-ə və KİV-ə təqdim edilib.