Gürcüstanda qızılca da yayılıb - Bəs Azərbaycanda necə?

gurcustanda-qizilca-da-yayilib
Oxunma sayı: 1513

Gürcüstanda qızılcaya yoluxma epidemik həddə çatıb və qızılcaya qarşı peyvəndin bütün vətəndaşlar üçün ödənişsiz olması barədə qərar qəbul edilib. Bəs qonşu ölkədəki vəziyyət Azərbaycana təsir edibmi?

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Afaq Əliyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ölkəmizdə son aylarda tək-tək adamlar qızılcaya yoluxub: “Nəzərə almaq lazımdır ki, ətraf ölkələrdə, Avropada qızılca var. Azərbaycanda qızılcaya qarşı peyvənd işləri təqvimə uyğun olaraq aparılır. Uşaqlar 12 aylığında və 6 yaşında peyvənd olunurlar. On yaşa qədər hər hansı uşaq peyvənd olunmayıbsa, onlar da peyvəndə cəlb olunurlar. Bu sahədə güclü tədbirlər həyata keçirilir”.

Mərkəz direktoru əlavə edib ki, Azərbaycanda qızılca müraciətləri ilə bağlı artım yoxdur: “Son aylarda yaşlı əhali arasında tək-tək adamlarda qeydə alınıb. Bu da ona görədir ki, həmin şəxslər vaxtilə peyvənd olunmayıblar. Buna görə mart-aprel aylarında vaksinlərin gətirilməsi və onlar arasında peyvəndin aparılması nəzərdə tutulub”.

A.Əliyeva əlavə edib ki, ölkəyə xaricdən gələn şəxslərə də nəzarət olunur: “Hər bir sərhəd keçid məntəqələrində xüsusi cihazlar qurulub və Azərbaycana gələn şəxslərə nəzarət olunur. Hələ ki, xəstə aşkar olunmayıb”.

Murad Əhməd