Gürcüstanda səs verənlərin sayı 40%-ə çatdı - Yenilənib

gurcustanda-ses-verenlerin-sayi-40-e-catdi
Oxunma sayı: 4758

Saat 08:00-da başlayan seçkilərdə 23 namizəd mübarizə aparır.

“Qafqazinfo” xəbər verir ki, seçkilər üçün 25 nəfərin namizədliyi təsdiqlənsə də, Akaki Asatiani və Vaxtanq Qabuniya namizədliyini geri çəkib. Buna baxmayaraq onların adı siyahıda yer alır.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze saat 10:00-a olan seçici fəallığı ilə bağlı bildirib ki, artıq 215 min 329 seçici səs verib. Bu isə səsvermə hüququ olan 3 milyon 518 min 877 nəfərin 6,15 faizini təşkil edir.

Qeyd edək ki, yeni seçiləcək prezident qanun dəyişikliyinə əsasən ölkəni 5 yox, 6 il idarə edəcək.

***

Saat 12:00-a olan məlumata əsasən 558 min 755 nəfər səs verib. Bu isə ümumi seçicilərin 15,95 faizini təşkil edir.

Yerli sakinlər arasında aparılan sorğulara əsasən, 3 nəfər güclü namizəd hesab edilir. Bunlar “Gürcüstan arzusu-demokratik Gürcüstan” partiyasından olan Salome Zurabişvili, “Vahid Milli Hərəkat” partiyasının keçmiş üzvü Qriqol Vaşadze və “Avropa Gürcüstanı- azadlıq uğrunda hərəkat” partiyasından namizəd David Bakradzedir.

***

Gürcüstanda saat 15:00-a olan seçici fəallığı 30,98% təşkil edib. Bu barədə MSK rəhbəri Anna Mikeladze bildirib. Onun sözlərinə görə, artıq 1 milyondan çox seçici səs verib. 

***

Gürcüstanda saat 17:00-a olan göstəricilərə əsasən, 1,3 milyondan çox insan səs verib. Bu isə seçicilərin 38,16%-i deməkdir. Bu barədə MSK rəhbəri Anna Mikeladze məlumat verib.

Seçkilər saat 20:00-da başa çatacaq.