Gürcüstanı söndürdük, özümüz yanırıq

gurcustani-sondurduk-ozumuz-yaniriq
Oxunma sayı: 1944

Raminə Eyvazqızı

AzTV  BBC telekanalının yayılmış ənənəsindən istifadə edir. "Xəbərlər"in buraxılışında sonda "şərhsiz" bloku var. "Şərhsiz" bölümünün qaydası belədir ki, müxtəlif təzadlı videosüjetlər ekrana verilir, bu ya "interşum"lu (təbii səslər), ya da sinxronlu (danışıq səsləri) videokadrlardır. Belə  videolar üçün kadrarxası mətn yazılmır və ya deyiləcək söz yoxdur. 

"Şərhsiz" videokadrlar aktual, gündəm olan hadisələri təsvir etməlidir. Adından da göründüyü kimi, el dilində desək, baxanda mat-məəttəl qalınacaq məsələlər olmalıdır. Qarşıma AzTV "şərhsiz" blokunda daha çox əcnəbi hadisələrlə bağlı videolar çıxıb. Məlumdur, milli televiziyamız ölkədə bizi mat qoyacaq və dili ağzında quruyacaq mövzu, video tapmaqda çətinlik çəkir. Ürəyimizi pis şeylərlə bulandırmaq istəmir də, qayğımıza qalır. İndi ötən gün həmin AzTV-nin "şərhsiz"inə baxanda ABŞ-ın Kaliforniya ştatındakı meşə yanğınının videosunu gördüm. Dəhşətli idi sözsüz, amma o bəladan bizdə də var axı. Bir həftəyə yaxındır, Şahdağ Milli Parkında, ardınca Oğuzda, indi də Qəbələdə meşə yanğınlarından təbiətimiz əziyyət çəkir. AzTV-nin Kaliforniya meşəsindəki yanğını göstərməkdə məqsədi var. Demək istəyir ki, o boyda ABŞ yanan meşəsini söndürə bilmir, deməli Qəbələ meşəsini də söndürmək asan iş deyil. Bəs, son illər Qəbələ həm yerli, həm də əcnəbi turistin istirahət ocağı idi, niyə belə alışsın ki?

İki ay əvvəl qəbələli vətəndaş mənə mesaj yazdı ki, bəs İsmayıllının "Topçu" meşəsindən üzü Qəbələyə tərəf meşələrdə baltalama gedir. Hansısa məhkəmədəki vacib şəxs  meşənin bir hissəsini qırıb, yerində fındıqçılıq təssərrüfatı yaratmaq istəyir. Əlimdə bu barədə fakt (ən azı foto) olmadığı üçün məsələyə qeyri-ciddi iddia kimi baxdım. Yolum o tərəfə düşəndə də sorğu-sual apardım, yerli camaat xəbərsiz olduğunu dedi. Aidiyyatlı nazirliyin "araşdırma"larına etibarıma isə bələdəm. İndi kimlərinsə qəsdlə yanğın törətmək kimi dələduzluğuna da inanmağım gəlmir. Amma yanğınların baş verməsində insan amili, məsuliyyətsizliyi də var. Bir də ki, ölkədə qəfil alışıb yanan ticarət mərkəzlərinin səbəbinin insanlar arasındakı qarşıdurma olduğunu xatırlayanda, qəsd məsələsi səbəb olmaya bilmir. 

Maraqlıdır ki, meşələrdə baş verən yanğınların qeyd olunan səbəblərində də dolğunluq yoxdur. Payızqabağı, yanğın niyə olsun ki? Bəlkə problem təbiətdədir, asaq, kəsək onu? Axı bizim meşələrimizdə ağaclar da özbaşına göyərmir. Meşəyə daxil olanda hardansa bir ikiayaqlı çıxıb oturduğun torpaq üçün pul biçir. Yəni, meşələr yiyəsiz deyil, meşələrin bəyi yox, hökmdarları var. Baxmayaraq ki, Ekologiya və Təbii Sərvətlər naziri müavini qaynar xətt telefonunu da vermişdi ki, sizi incidən olsa xəbər edin. Kimdi axı hirsindən qaynayan? Hazırda Fövqəladə Hallar nazirimiz Kəmaləddin Heydərov cənabları rəhbərlik etdiyi qurumu meşələri söndürməyə cəlb edib. Görünür, bu nə texnika, nə də insan amili ilə düzələn iş deyil. Bizə qədim insanların yağış duası gərək olacaq!

Az əvvəl gürcülərin naziri bizi çox sevindirdi, xoşhal olduq vallah. Baş nazir Giorgi Kvirikaşvili Azərbaycan Fövqəladə Hallar Nazirliyinə dəstək üçün təşəkkür etdi. Axı ölkəmiz ora  gürcü meşəsindəki  yanğınlarla bacaran böyük texniki və canlı qüvvə göndərmişdi. Halbuki eyni vaxtda bizdə də bu bəla başlamışdı. Əsas odur, qonşunun yanğınını söndürdük, biz yana-yana qalsaq da olar.