Gürcüstanın Gəncədəki Baş Konsulluğu “Müstəqillik Günü”nü qeyd edib

gurcustanin-gencedeki-bas-konsullugu-musteqillik-gununu-qeyd-edib
Oxunma sayı: 1094

Gürcüstanın Gəncədəki Baş Konsulluğu ölkəsinin “Müstəqillik Günü”nü qeyd edib.

“Qafqazinfo” xəbər verir ki, Ramada Plaza oteldə baş tutan tədbirə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gürcüstanın Gəncədəki Baş Konsulu Mamuka Balavadze, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Türkiyənin Gəncədəki Baş Konsulu Orxan İşıq, rəsmi şəxslər və şəhər ictimaiyyətinin nümayəndələri qatılıb.

Tədbir Azərbaycan və Gürcüstan Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.

Gürcüstanın Gəncədəki Baş Konsulu Mamuka Balavadze ölkəsinin müstəqilliyinin tarixindən danışıb. Baş konsul bildirib ki, Gürcüstan dövlət müstəqilliyini möhkəmləndirir, iqtisadiyyatını inkişaf etdirir, azad və demokratik cəmiyyət qurur. Bu proseslərdə Gürcüstanın Azərbaycanla əməkdaşlığının xüsusi roluna toxunan baş konsul xalqlarımızın qədim dostluq ənənələrinə malik olduğunu vurğulayıb. Eyni zamanda Mamuka Balavadze 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
 
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar gün münasibətilə Gürcüstan xalqını təbrik edib. Elmar Vəliyev bildirib ki, xalqların qədim dostluq münasibətləri mövcuddur. Ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr daha da möhkəmlənib. Xüsusilə ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan-Gürcüstan əlaqələri yeni istiqamətdə inkişaf edib. 

Sonda qonaqlara Gürcüstanın milli mətbəximizin təamları təqdim edilib. Bununla yanaşı Gürcüstan Respublikasının mədəniyyətini, mətbəxini, şəhərlərini, insanlarının həyat tərzini əks etdirilən videoçarx izlənilib.