Hacı Mirəzizlə bağlı nekroloq

haci-mirezizle-bagli-nekroloq
Oxunma sayı: 2144


“Qafqazinfo”ya daxil olan nekroloqda bildirilir ki, Seyidzadə Mirəziz Mirəsgər oğlu 1949-cu il fevral ayının 14-də Masallı rayonunun Türkoba kəndində anadan olub. İslam dininin nəzəriyyəsi və tarixi ilə bağlı dəyərli araşdırmaların müəllifi olan M.Seyidzadə rəhbərlik etdiyi “Kəlam” jurnalında dinimizin fəzilətlərinin oxuculara çatdırılması işini yüksək peşəkarlıqla həyata keçirib. Jurnalda ən parlaq materialların, tədqiqat işlərinin, araşdırmaların əks olunmasına böyük önəm verib. Nəşrin bu baxımdan nümunə sayılması dəyərli qələm adamının yorulmaq bilməyən fəaliyyətinin, ideya zənginliyinin nəticəsiydi. M.Seyidzadənin həyatının mahiyyətini təşkil etmiş bu axtarışlar isə hələ ötən əsrin 70-ci illərindən başlamışdı. Həmin vaxtdan etibarən mətbuatda tərcümə materialları və elmi məqalələrlə çıxış edib.

Həyatının müxtəlif illərində Astara və Masallıda “Cümə” məscidinin axundu vəzifəsində çalışmış M.Seyidzadə Bakı İslam Universitetinin müəllimi kimi gənc nəslin əqidəli vətəndaş olaraq yetişməsinə öz töhfəsini verib. İslam dini ilə bağlı məsələlərə şərhləri, ifadə etdiyi baxışlar onun əsl ziyalı simasını formalaşdırıb. Bu keyfiyyətlərinə görə M.Seyidzadə təkcə ölkənin media ictimaiyyətinin deyil, bütövlükdə cəmiyyətin rəğbətini qazanıb.

Gözəl insan, qayğıkeş ata, dəyərli qələm sahibi Mirəziz Seyidzadənin yoxluğundan danışmaq çox çətindir. Onun vəfatı hamımız üçün böyük itkidir. Azərbaycan Mətbuat Şurası mərhumun doğmalarına və yaxınlarına başsağlığı verir, onların üzüntüsünü paylaşır.

Mirəziz Seyidzadənin əziz xatirəsi daim yaddaşlarda yaşayacaq.

Allah rəhmət eləsin!