Azər Qismət
Lev Tolstoy “Hacı Murad” povestini yazmağa qərar verərkən xəstəhal olub. Amma 1852-ci ildə nə baş verdiyini bilmək üçün ona çoxlu şahidlər lazım gələcəkdi. Şeyx Şamilin sağ əli və sonralar aralarında inciklik yaranan Hacı Muradın öldürülməsinə rəhbərlik edən İosif Korqanovun həyat yoldaşı, eləcə də oğlu İvan yazıçıya kömək edəcəkdilər. 10 yaşlı oğlan onun necə öldürülməsini görmüşdü. Və bunu təsvir edib Tolstoya göndərmiş, yazıçıda Hacı Murad şəxsiyyətinə sevgi oyatmağı bacarmışdı. Bu sevgi dahiyanə bir əsərin yazılması ilə nəticələnmişdi.
O illərdə Çar Rusiyasının rəhbərliyi qərara alıb ki, Hacı Muradın başı kəsilsin. Onun başı imperiyanın paytaxtına göndərilib, bədəni Azərbaycanda – Qaxın Tanqıt kəndində basdrılıb. Təxminən 1 ay bundan əvvəl efirdə gördüm ki, həmin məzar indi baxımsız vəziyyətdədir. Halbuki, həmin məzarın bərpa edilməsi nəticəsində ölkəmizə xeyli turistin cəlb etməsini təşkil etmək mümkündür. Necə ki, əksər xarici dövlətlər turistlərin cəlb edilməsi üçün bütün vasitələrə əl atırlar.
Məsələn, hər il on minlərlə turist Avstiyanın Ranshofen kəndinə üz tutur. Çünki burada 3-cü Reyxin rəhbəri Adolf Şuklqruber (Hitler) anadan olub. Avstriya hökuməti turistlərin həmin muzeyə cəlb edilməsi üçün bütün lazımi şəraiti yaradıb. Bir ölmüş insanın evinin ziyarəti ilə ölkəyə milyonlarla avro xeyir gəlir.
Yaxud, götürək Türkiyədə dəfn edilən Osmanlı imperiyasının sultanlarının ziyarətini. Elə turistlər var ki, məhz onların qəbrinin ziyarəti üçün həmin ölkəyə üz tuturlar. Hətta türklər bu istiqamətdə sənədli və bədii filmlərin çəkilməsini də unutmurlar. Elə dünyanın neçə-neçə ölkəsində nümayiş etdirilən “Möhtəşəm Yüz il”i buna misal çəkmək olar. Hətta Qanuni Sultan Süleyman şəxsiyyəti Macarıstan alimlərinin qəlbini necə ovsunlayıbsa, bundan turizm üçün istifadə etməyi qərara alıblar. Yalan və doğru olmasını sübut edəcək dəlillərə malik deyiləm. Amma bu yaxınlarda Türk İşbirliyi və Kordinator Agentliyi bəyan etdi ki, Sultan Süleymanın daxili orqanları Macarıstanda basdırılıb. Belə ki, 1566-cı ildə Zigetvar yürüşü zamanı həyatını itirən Qanuninin daxili orqanları məhz orada dəfn edilib. Bu işdə türklərə Peç Universitetinin professoru Norbert Pap da kömək edib. İndi Macarıstanın aidiyyatı qurumları çoxminli turisti gözləyir. Hansı ki, ölkəyə xeyli pul qazandıracaq.
Yaxud, götürək Vyetnam kommunistlərinin lideri Xoşe Midi. Onun mumiyalanmış və hər il dərmanlanan bədənini minlərlə turist ziyarət edir. Mumiyalanma əməliyyatını isə 1924-ci ildə Lenini mumiyalayan alimlər həyata keçiriblər. Etiraf edək ki, hər birimiz Moskvaya gedəndə Leninin ziyarəti üçün ayağımızı Mavzoleyin kandarına basırıq. Və bunun üçün növbəyə dayanırıq. Moskva meriyasının məlumatına görə hər il Mavzoleydən əldə edilən gəlirlə paytaxtın 3 magistral yolunu asfaltlamaq mümkündür. Bu da neçə milyon dollar deməkdir.
Sözümü ona gətirirəm ki, indiki dövrdə biz vəfat etmiş məşhur şəxsiyyətlərin hesabına da turistləri cəlb etməliyik. İndi bütün dünyada bu proses getməkdədir. Bu sahədə Türkiyənin təcrübəsindən yararlana bilərik. Onlar Məhəmməd peyğəmbərin əbasından tutmuş saqqallına qədər, eləcə də Məryəm ananın Türkiyədə sığındığı yerə qədər hər şeyi əbədiləşdiriblər. Və ölkəyə gələn turistlərin həmin məkanlara ekskursiyalarını təşkil ediblər.
İndi Hacı Muradın qəbri bərbad vəziyyətdədir. Həmin qəbir dövlət tərəfindən qorunan abidələr sırasına daxil edilib. Qəbri bərpa etmək və Tolstoy yaradıcılığının aşiqlərini bu məkana cəlb etmək mümkündür. Naibin başına gəlincə, aparılan danışıqlar nəticəsində Rusiya getdikcə yumşalmaqdadır. Bir sözlə baş öz bədəninə qovuşacaq, ölkəmizə gələn turistlərin ekskursiyasına yeni məkan əlavə ediləcək. Bir şərtlə. Qəbrin bərpa edilməsi burada ilkin addımdır.