Hacıbala Abutalıbov bu binaları sökəcək - Siyahı

hacibala-abutalibov-bu-binalari-sokecek-siyahi
Oxunma sayı: 1489

Bakıda yeni söküntülərə başlanması barədə açıqlama verilib. İlk mərhələdə Hüseyn Cavid prospekti ilə Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə açıqlama verən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.

Daha sonra Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxınlığındakı əraziyə qədər olan binalar, həmçinin “Kubinka” adlanan ərazidəki evlər də söküləcək. Abutalıbovun sözlərinə görə, qısa müddətdə Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.

İqtisadçı-ekspert Zöhrab İsmayıl “Azadlıq” qəzetinə deyib ki, H.Abutalıbovun hansısa küçə və məhəllənin sökülməsi barədə sərəncam verməyə ixtiyarı yoxdur. Hətta Bakı şəhər İcra Hakimiyyətinin də belə bir səlahiyyəti yoxdur: “Ona görə də Bakı şəhər İcra Hakimiyyətinin başçısı belə məsuliyyətsiz və qanunsuz bəyanatlar verməkdən çəkinməlidir. Hər hansı bir ərazidə özəl mülkiyyətdə olan evlərin sökülməsilə bağlı plan varsa, ilk növbədə həmin plan açıqlanmalıdır. Plana da uyğun olaraq özəl şirkətlər vətəndaşların razılığını almalı və könüllü şəkildə evlərin satışını təmin etməlidir. Yaxud, hansısa bir avtomobil yolu, su xətti kimi infrastruktur proqramı varsa, bu halda torpaqlar dövlət ehtiyacı üçün alına bilər. Bu halda, Nazirlər Kabinetinin sərəncam verməsinə ehtiyac var. Yəni, Hacıbala Abutalıbovun özü və rəhbərlik etdiyi qurumun belə qərarlar vermək hüququ yoxdur”.