Hadı müəllimin demədikləri…

hadi-muellimin-demedikleri
Oxunma sayı: 2567

Dünya Sakit

Milli Məclisin komitə sədri Hadı Rəcəbli deyib ki, Azərbaycanda ailələrin dağılmasına facebook, SMS-lər və sair səbəb olur…Deputatın bu fikri cəmiyyətdə xeyli  rezonans doğurdu: onu haqlı sayanlar da oldu, saymayanlar da.

İlk baxışdan, Hadı müəllim haqlıdır. Araşdırdıqda məlum olur ki, bu gün ölkədə ailəsini atıb gedən qadınların böyük əksəriyyəti yanına qaçdıqları kişini Facebook, WatsApp, yaxud da tanışlıq saytlarında tapıblar. Elə kişilərin ailə xəyanətlərinin arxasından da əksər hallarda İnternetlə tanışlıq çıxır. Bu baxımdan yanaşdıqda, Komitə sədrinin dediklərində həqiqət payı olduğunu söyləmək olar, əgər...

Əgər həmin o sosial şəbəkələrdən, İnternetdən istifadə edən, hər gün İnternet üzərindən minlərlə məlumatı əldə edib analizini aparan, yazan, yaradan, alver edən və sair çoxsaylı işlərlə məşğul olan on minlərlə qadınımız, kişimiz olmasaydı. Hadı müəllimin o fikirləri səsləndirdiyi ortamda müzakirələr qadınların ailələrini atıb başqa kişiylə qaçması ilə bağlı olub deyə sırf qadınların üzərində dayanmaq istəyirəm.

Bu gün Bakı şəhərində işləyən yüz minlərlə qadının böyük əksəriyyətinin İnternetə daimi çıxışı var. Gün ərzində saatlarla İnternetdən istifadə edərək işini görən qadınlarımızın ağlına gəlməz ki, kiminləsə tanış olub ailəsini atıb getsin. Çünki təhsillidilər, dünyagörüşləri inkişaf edib, iş prosesində daim müxtəlif  kişilərlə ünsiyyətdə olurlar. Yəni gözlərini açıb yalnız ərə getdikləri adamı, yaxud ərə getdikləri adam kimiləri görməyiblər. Bu qadınları aldatmaq çətindən çətindir. Onlar arasında öz həyat yoldaşlarını İnternetlə ünsiyyət zamanı tapanlar da az deyil. Mənim tanıdığım bir neçə çox xoşbəxt ailələr var ki, ərlə arvad bir-birini İnternet ünsiyyəti zamanı tapıblar. Bu ünsiyyət iki yetişkin insanın ağıl-başla qurduğu ünsiyyətdir. İnternet burada onların tanışlığı və ailənin əsasının qoyulduğu sağlam bir müstəvidir: toy kasetləri, qohum evlərinin yağır edilməsi, hamamlar kimi müstəvilərdən qat-qat üstündür.

Diqqət yetirdikdə açıq görürük ki, qadınların son zamanlar getdikcə artan evdən qaçmaları, özü də başqa kişiylə qaçmaları demək olar ki, bütünlüklə rayonlarda baş verir.  Əminəm ki, o qaçan qadınların heç biri orta təhsilini belə düz-əməlli almayıb. Çoxları yetkinlik yaşına çatmadan ərə verilənlərdir. Heç bir dünyagörüşü, ünsiyyət qabiliyyəti olmayan bu biçarələri aldadıb yoldan çıxartmaq elə də çətin  olmur.  İllah da ki, ailədə qadına qarşı münasibət normal olmaya, şiddət, yaxud laqeydlik görə, üstəlik, kasıblıq çəkə. Belə qadınları tora salmaq o qədər asandır ki...

Mənə elə gəlir  ki, hörmətli Hadı müəllim fikrini əsaslandırmaq üçün məhz bu problemə toxunmalıydı. Bildirmləliydi ki, ey valideynlər, qızlarınız 10 yaşını keçməmiş onları ərə verib başınızdan eləmək deyil, təhsil verib yetişkin insana çevirmək barədə düşünün. Deməliydi ki, ey dövlətim, hökumətim, rayonlarda qız uşaqlarının təhsildən ayrılaraq vaxtsız ərə verilməsi kütləvi hal alıb, buna qarşı effektiv mübarizə aparmaq lazımdır. Həmkarlarına üz tutmalıydı, “gəlin qızların vaxtsız ərə verilməsinə görə cəzaları elə həddə çatdıraq ki, heç bir cahil valideyn bu barədə düşünməsin belə” deməliydi...
Bəlkə də Hadı müəllim bunları demək istəyib, amma hansısa səbəbdən dilə gətirməyib, gətirə bilməyib... Bu baxımdan, onu qınayarkən bu vəziyyətə gəlib çıxmağımızın köklü səbəblərini də unutmayaq, unutdurmayaq...