Hadisəyə verilən pul və 10 Qarabağ əlili

hadiseye-verilen-pul-ve-10-qarabag-elili
Oxunma sayı: 3093

Azər Qismət

Yeni il yaxınlaşdıqca şəhərin müxtəlif guşələrindəki afişalara nəzər salıram: “Laskovıy may”dan tutmuş Hadisəyə qədər qonaqlar gəlib konsert verəcək. “Laskovıy may”a dözmək olar, çünki çoxlarımızın gənclik illərinin xatirələridir. İnanmıram ki, qrupun rəhbəri Rezniklə yanaşı Yuri Şatunov da Bakıya gəlsin. Hər halda hənirtisini alarıq. Hadisə isə Azərbaycandan gələn təklifi qəbul edib.  Müğənni təzə ilin ilk saatlarına kimi oxuyacağı gecədən 1 milyon TL (təxminən 450 min AZN) qazanacaq. Daha əvvəl Tarkana Azərbaycadan təklif gəlsə də o, 1 milyon 300 min TL üçün Kipri seçmişdi. Yəni, əsas puldur, qardaşlıq keçmir.  

Qonaqların içində Hadisəyə ödəniləcək pul çoxlarını qıcıqlandırdı. Bir məlumata görə, ona 1 mlyon TL veriləcək, başqa məlumata görə 1 milyon manat. İstənilən halda TL ilə hesablasaq da, bir müğənniyə bu qədər pulun verilməsi adamda qəribə hisslər oyadır. Axı, Hadisə Lopez, Şakira deyil. Həm də bir müğənniyə bu qədər pul verməyə dəyərdimi? 

Neçə gün əvvəl Türkiyənin məşhur "Show maqazin" proqramında ünlülərin Yeni il bayramı konsertlərindən əldə edəcəkləri gəlirləri söyləyirdilər. Ən bahalısı Sibel Canla Bülent Ersoyun alacağı qonorar oldu. Onlar Türkiyədə Yeni ildə verəcəkləri konsertdə 650-850 000 TL civarında qonorar alacaqlar. Amma ən maraqlısı verilişin aparıcısının Hadisənin Yeni ildə Bakıya gedərək külli miqdarda qonorar alacağını deyərkən heyrətlənməsi oldu. 1 000 000 TL qonorar qarşılığında. Həmin aparıcı yaxında olsaydı yavaşca pıçıldayardım ki, heyrətlənməyə dəyməz. Biz xarici müğənni adı gələndə pulumuzla heyrətləndirməyi bacarırırıq, siz bunu bacarmazsız. Maraqlısı isə həm də budur ki, Türkiyənin pop-divası Bülent Ersoy 650 000 TL miqdarında qonorar alır, amma dünənin uşağı olan Hadisə gəlib Bakıdan 1 milyon Türk lirəsi alıb gedir. Deməli, biz imkanlıyıq, biz istədiyimiz adama pul xərcləye bilirik. Atalar demiş, papaq altda oğullar var. 

Bəs, bizimkilərdən ora kimsə getsəydi, həmin pulun yarısını verən olardımı? Verməzdilər. Onlar bunu etməzdilər.

Yadıma Telman İsmayılovun “Mərdan Palas”da keçirdiyi ad günü düşdü. Monika Belluççinin əlindən tutub dartdığı ad günü. Orada dünya müğənniləri oxuyur, bizimkilər isə arxada sanki xor kapellası kimi hay-haya verirdilər. Bizim müğənnilər onlara elə görünür: arxa planda hay-haya verən formada. Heç kim qiymət verib öz ölkəsinə 1 milyon TL-yə aparmayacaq. Amma nə Samirəmiz, nə Tünzaləmiz heç də Hadisədən pis oxumur. Bir məsələ də adama pis təsir edir ki, dünya ulduzları başqa ölkələrə gedərkən özləri ilə həm səhnə dekorasiyalarını, həm çalğıçıların avadanlıqlarını da daşıyırlar. Ancaq bizə gələn istər Tarkanı, istər Hadisəsi olsun, bir kostyum bir donda səhnəyə çıxırlar, arxada da özümüzün səhnəmiz. Lap o pul verilirsə, heç olmasa, Rihanna və Şakiraya verilərdi. Ya da əfsanəvi müğənnilərə. Məsələn, o pul Çelentanoya, Toto Kutunyoya, “Modern Tokinq”ə verilib ölkəımizə gətirilsəydi, kimsə təşkilatçılardan inciməzdi. Əksinə, əfsanələri görmək istəyi pulun çoxluğunu ört-basdır edərdi.  

O ki qaldı Hadisəyə verilən pula. O pula 10 Qarabağ əlilini 10 il dolandırmaq olardı. Onlarla şəhid ailəsinə hər ay yardım edilərdi. Ən azı 5 gəncimiz xaricə oxumağa göndərilərdi, 5 yazıçımızın əsəri 5 müxtəlif dilə çevrilib xaricdə yayılar, pulsuz yeməklər bişirilib paylanılardı. Mən konsertin əleyhinə deyiləm. Sadəcə, burada söhbət qonorarın çoxluğundan və çox da baxılmayan müğənnidən gedir. 

Bir də ki əgər konsertin təşkilatçılarında pul çoxdursa, xeyriyyə işlərinə də maliyyə ayırsınlar. Sahibkarlıq həm də ona görə inkişaf etdirilir ki, hərdən dövlətin işini yüngülləşdirsinlər.