“Hafka”nın məktubu yayıldı

“Hafka”nın məktubu yayıldı
Oxunma sayı: 6185

İş adamı Hafiz Məmmədov Beynəlxalq Bankın həbsdəki İdarə Heyətinin sədri Cahangir Hacıyevin və ətrafının onu necə iflasa uğratmaları haqda məktub yazıb. 

“Qafqazinfo” xəbər verir ki, məktub haqqin.az saytında dərc olunub. Məktubunda H.Məmmədov onun başçılıq etdiyi «Baghlan Group» (BG) şirkətlər qrupunun müflis duruma salınmasından bəhs edib. Musavat.com qeyd edir ki, “Hafka” yazısında  bildirib ki, onun “Bank of Azerbaijan”ı az qala bütün partnyorlarına və əmanətçilərinə borclu qalıb. Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollara qədər sərmayə qoymuş sahibkar özü isə  onun üçün məxsusi olaraq qurulmuş borc tələsinə düşüb.

Hafiz Məmmədov məktubunda yazır ki, keçmiş biznes ortaqlarının və məhkəmə orqanlarının mənəvi, maddi təzyiqləri altındadır. Keçmiş ortaqları onun “Bank of Azerbaijan” bankını axırıncı qəpiyinə qədər soyublar və “Hafka”nın üzərinə yüz milyonlarla dollar borc yükləyiblər. “İndi onlar rəsmi orqanları da işə qoşublar. Mənim keçmiş partnyorum Cahangir Hacıyev öz işini görüb getdi, indi qalanları ayaqlarımın altını qazmaqda davam edirlər” - müflis biznesmen yazır.

“Hafka” xatırladır ki, prezidentin 2015-ci il 15 iyul tarixli sərəncamı əsasında Beynəlxalq Bankın problemli aktivləri “Aqrarkredit” ASC-yə verilib. Bura bu və ya digər formada H.Məmmmədovun adı ilə bağlı olan kreditlər də daxildir, hansı ki, onların həcmi faizlərlə birlikdə 772.5 milyon manata çatır. “Lakin bu məbləğ düzgün hesablanmayıb. Bunu ”Baghlan Group"un Beynəlxalq Banka olan kredit borclarının “Aqrarkredit” QSC-yə ötürülməsini əks etdirən cədvəl də təsdiqləyir" - “Hafka” yazır. Həmin cədvəldən məlum olur ki, “Hafka”nın borclarının ümumi məbləğindən bir hissəsi - 112.1 milyon dollar və 3.6 milyon avro “Heaney Assets Corporation” adlı şirkətin adınadır. Hansı ki, həmin şirkətin uzaqdan-yaxından “Hafka” ilə heç bir bağlılığı yoxdur.

“Bu, ”Canik"ə (Cahangir Hacıyevi nəzərdə tutur - E.H.) bağlı şirkətdir və 2013-cü ilin fevralında offşorlarda təsis edilib. Rusiyada vergi qeydiyyatından keçib" - deyə “Hafka” qeyd edir.

Nəzərə çatdırır ki, bu şirkətin qeydiyyatdan keçməsindən bir neçə ay sonra - iyunun 19-da “Canik” və “Hafka”nın digər “ümumi dostları” onu məcbur ediblər ki, “Bahar Operating Company” əməliyyat şirkətinin (“Bahar” və “Qum dəniz” yataqlarını istismar edir) prezidenti, eyni zamanda direktorlar şurasının sədri vəzifəsindən imtina etsin.

“Məni əməliyyat şirkətinin direktoru vəzifəsindən kənarlaşdırandan sonra ”Canik" asanlıqla “Baghlan Group”un “Bahar Energy” layihəsindəki payını əlindən aldı. Və cəmi 27 gün sonra Azərbaycan Beynəlxalq Bankı C.Hacıyevə bağlı “Heaney Assets Corporation” şirkətini səxavətlə kreditləşdirməyə başladı. Bunun sayəsində şirkət “Bahar” və “Qum dəniz” yataqlarının işlənməsində 7.4 faizlə pay sahibi oldu. Bu cür ustalıqla, cinayətkar yollarla “Canik” bu perspektivli layihəni əlimdən aldı. Və bu nəinki mənim layihədəki payımın əldən çıxmasına, eləcə də “Baghlan Group”un digər aktivlərinin itirilməsinə gətirib çıxardı" - “Hafka” yazır.

Məktubda bildirilir ki, “Canik” o vaxt yeni qeydiyyatdan keçmiş “Heaney” şirkətinə cəmi 27 günün içində “MBA-Moskva” törəmə bankı üzərindən 105.2 milyon dollar və 3 milyon avro kredit verib. Kreditlərin verilməsi üçün heç bir girov alınmayıb, pullar kağız üzərində mövcud olan şirkətin adi veksellərinə dəyişdirilib. Hansı ki, bu veksellərin üzərində heç şirkətin möhürü də olmayıb. Veksellərin alqı-satqısı haqda müqaviləni “MBA-Moskva” bankı ilə Əbdürrəhman Vəzirovun qohumu Zaur İsazadə imzalayıb: “Və Beynəlxalq Bankın problemli kreditlərinin ”Aqrarkredit"ə verilməsi zamanı nəyə görə isə “Heaney Assets Corporation” şirkətinin həmin borclarını da faizləri ilə birlikdə mənim ayağıma yazıblar" - Hafiz Məmmədov bildirir.

“Hafka” onu da yazır ki, C.Hacıyev öz şirkətinə krediti illik cəmi 5.5 faizlə verib. “Hafka”ya isə kredit “hörmət əlaməti olaraq” illik 12-18 faizlə verilirdi. “Hafka” yazır ki, Beynəlxalq Bank “Canik”in şirkətini səxavətlə maliyyələşdirdiyi halda həmin vaxt ona “Bahar Energy” layihəsindəki payını maliyyələşdirmək üçün təcili lazım olan 6 milyon dolları vermədi. Hansı ki, həmin məbləğ layihənin tam işə düşməsi üçün kifayət idi. “Bu gün mənə tam bəllidir ki, ”Canik"in “Heaney” şirkətinə ayırdığı kreditlər təkcə “Bahar” yatağının maliyyələşdirilməsinə deyil, onun Albaniyadakı layihəsinə də yönəldilib. Bu sxem mənim fikrimcə, hüquq-mühafizə orqanlarını maraqlandırmalıdır. Çünki həmin məbləğin 45.9 milyon dolları və 2.4 milyon avrosu Albaniyaya köçürülüb. Bu pullar “Canik”in qalmaqallı Albaniya milyonları ilə əlaqəlidir. Pulun 59.4 milyon dollar və 1 milyon avroluq hissəsini isə “Canik” birbaşa və ya dolayısı ilə “Bahar Energy”yə yönəltdi. Daha dəqiqi pulların 29 milyon dollarını “Canik” “Baghlan Group”un törəmə şirkəti “Baghlan Group BVİ”nin buraxdığı avrobondların alınmasına sərf elədi. Beləliklə də C.Hacıyev akselerasiya elan etmək, yaxud bank dilində desək, şirkətin buraxdığı bütün avrobondların dərhal ödənilməsini tələb etmək hüququ qazandı. C.Hacıyev daha 21 milyon dolları bizim layihədəki keçmiş tərəfdaşımız “Greenfild Petrolium”a verdi. Və məni layihədən faktiki kənarlaşdırdı. Ona görə də mən həmin şirkətlərin maliyyə öhdəliklərinə görə heç cür cavabdeh ola bilmərəm. Bu, gülməli vəziyyətdir-pulları “Heaney” alır, ancaq ödəyən mən oluram?" - "Hafka" yazır.

Qeyd edək ki, C.Hacıyev ötən ilin oktyabrında məhkəmə hökmünə əsasən 15 il müddətinə azadlıqdan məhrum edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi