“Hakim və prokuror əvvəlcədən razılaşmışdılar”

hakim-ve-prokuror-evvelceden-razilasmisdilar
Oxunma sayı: 4766

Bu gün Nərimanov Rayon Məhkəməsində adı qalmaqallı hadisələrdə hallanan Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun keçmiş kürəkəni‚ xuliqanlıqda təqsirləndirilən Elşən Əsgərli‚ onun dostları Azər Nəsibov və Nuray Bayramlının məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə‚ hakim Vüsal Qurbanovun icraatında olan proses E.Əsgərlinin vəkilinin iştirak etmədiyi üçün mayın 3-nə təxirə salınıb.

Zərərçəkmiş Oqtay Əhmədov bildirib ki, proses ərəfəsində təklənmiş tərəf kimi qalıblar: “Ötən iclasda mən və Ayselin məhkəməyə gəlib həqiqəti deməsini istədilər. Bu gün ikimiz də gəldik, saat 9-dan orda olduq. Qarşı tərəfin vəkili isə prosesə gəlməmişdi və iclasın təxirə salınmasını istəmişdi. Bu hal qeyri-obyetik göründü, çünki bizdən başqa hamı, hakim də, prokuror da iclasın təxirə düşəcəyini əvvəldən bilirdi. Amma öncədən məhkəməyə teleqram vuran da olmamışdı, sadəcə Elşən Əsgərli gəlib iclasda ərizəni məhkəməyə təqdim etdi. Yəni, rəsmi olaraq iclas başlayana kimi prosesin təxirə düşəcəyi bəlli deyildi. Hakim də zala girib dedi ki, biz əvvəldən təxirə düşəcəyini bilirdik. Prokuror da məhkəməyə gəlməmişdi. Biz onunla əlaqə saxladıq və o, “mənə əvvəlcədən məhkəmədən deyilmişdi ki, proses olmayacaq” deyə cavab verdi. Görünür, qarşı tərəf, hakim və prokuror əvvəlcədən razılaşmışdılar. Vəkilimiz İsmayıl Kəngərli bunu ifşa etdi. Elşən də həmişə bizə şər-böhtan atırdı, bu gün isə üz-üzə gəlməkdən çəkinir”.

Qeyd edək ki‚ A.Şükürova öncə E.Əsgərli ilə evli olub. Boşanandan sonra isə O.Əhmədoval ailə həyatı qurub. İttihama görə‚ mübahisə E.Əsgərlinin sosial şəbəkələrdə O.Əhmədovun ailəsi barədə təhqiredici ifadələr işlədib. Bu səbəbdən görüşüblər və orada aralarındakı mübahisə davaya çevrilib.

Murad Əhməd