Hakimin dələduzluq edən qardaşından etiraf

Hakimin dələduzluq edən qardaşından etiraf
Oxunma sayı: 1035

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşı,  dələduzluqda təqsirləndirilən Mahir Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə baxış iclası keçirilib.

Hakim bildirib ki, işdə adıkeçən əsas şəxslərdən biri istintaqa cəlb olunmayıb. Zərərçəkənlər pulu birbaşa Ramil Şükürova verdikləri barədə ifadə versələr də, müstəntiq onu dindirməyib. 

Qeyd edilib ki, R.Şükürov məhkəməyə çağırılıb dindiriləcək. Həmin şəxs də bir müddət əvvəl dələduzluqda və sənədləri saxtalaşdırmaqda təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasovun hökmü ilə məhkum edilib. Sonradan şərti azadlığa buraxılıb. 

Zərərçəkən Fəridə Həsənova məhkəməyə ərizə verərək şikayətçi olmadığını bildirib. 

Bu gün dindirilməsi nəzərdə tutulan şahidlərin məhkəməyə gəlmədiyi məlum olub.

Məhkəmə prosesi noyabrın 15-də davam etdiriləcək.

İttihama görə, M. Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə sataraq dələduzluq edib. M.Kərimov günahını etiraf edib və özünü təqsirli bildiyini deyib. Həbs edilməsə də, barəsində başqa yerə getməmək qərarı verilib.

M.Kərimovla bərabər İctimai Televiziyanın keçmiş rəhbəri İsmayıl Ömərovun qardaşı Ələsgər Ömərov da cinayət işinə cəlb edilib. Ə.Ömərov şirkətin təsisçisi olub. İstintaq müddətində o vəfat etdiyi üçün barəsindəki cinayət işinə xitam verilib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi