Hakimiyyət Qafqaza yeni Şeyx axtarışında

hakimiyyet-qafqaza-yeni-seyx-axtarisinda
Oxunma sayı: 5082



Hörmətli Şeyximizə Allahdan şəfa diləyərək, ona aid olan  başqa bir məlumatı da paylaşırıq. Qəzetimizə çatan məlumata görə, Azərbaycanın siyasi hakimiyyəti bir az da tələskən tövrdə post-Paşazadə dövrünə hazırlanır və bu məqsədlə də QMİ-yə yeni rəhbər axtarışında bulunmaqdadır. Siyasi hakimiyyətin formal olaraq Qafqaz müsəlmanlarına yeni Şeyx tapmaq kimi səlahiyyəti yoxdur. Lakin hər kəs gerçəyi bilir -  bizim iqtidar bütün sahələrə nəzarəti sevir və heç şübhəsiz, Allahşükür Paşazadə kimi bir şeyx tapa bilmək onun üçün strateji əhəmiyyət kəsb edən məsələdir. 

İqtidarın niyə belə etməsinə dair dəqiq bilgi yoxdur. Lakin təxmin etmək olar ki, yeni Şeyx axtarışı hörmətli A. Paşazadənin gözdən düşməsi ilə bağlı deyil. Mümkündür ki, bunun səbəbi məhz dini liderin səhhətinin pisləşməsinə bağlıdır. Biz bu pisləşmənin və onun inkişafının səviyyəsini dəqiq bilmirik. Lakin heç şübhəsiz, iqtidar bunu bilir və bu baxımdan da hərəkətlərinə sürət verib. 

Lakin əslində QMİ sədrini -  hörmətli Şeyxi səhhətinin normal olması halında belə bir an öncə dəyişmək lazım idi. QMİ və Şeyx nəinki Qafqazda, hətta kiçik Azərbaycanda belə dini proseslərə və həyata heç cür nüfuz edə bilmir. Onun və təmsil etdiyi idarənin inanclıların yanında heç bir nüfuzu qalmayıb; heç əvvəldən də mövcud deyildi. QMİ inanclıların dini ehtiyaclarında heç bir rol oynamır. Təsadüfi deyil ki, əhalisinin böyük əksəriyyəti şiə olan bir ölkədə artıq yabançı təriqətlər meydan sulamaqda, insanlarımızı və onların qəlblərini, ruhlarını ələ keçirməkdədir. Nurçuluq, sələfilik, xristian təriqətləri məhz Şeyximizdən boş qalan “yer”lərə nüfuz edirlər. A. Paşazadə Şeyxdən, ruhani liderdən daha çox din taciridir; dindən para qazanan iş adamıdır; hətta onun vəhhabilərdən rüşvət alaraq, zamanında onlara asanlıqlar tanımasına dair təkzib edilməyən iddialar da vardır. 
Bu baxımdan, A. Paşazadə QMİ-dən nə zaman getsə, həmin andan başlayaraq gerçək İslama və dinə faydalar başlayacaq. Lakin sual budur: onu kim əvəzləyəcək? Ümumiyyətlə, onu əvəzləməyə və müsəlmanların başına yeni bir şeyx gətirməyə ehtiyac varmı?

Çar Rusiyasının imperiya üsul-idarəsinin qalığı olan bu təsisata gerçək inanclıların heç bir ehtiyacı yoxdur. İslamda Allahla bəndə arasında kimsəyə yer verilməyib; Şeyx institutu təxminən xristianların keşişi kimi bir şeydir. Lakin belə bir təsisat heç şübhəsiz ki, indiki iqtidara gərəkdir. Bu baxımdan, arzu olanı yox, arzu olunmayanı var sayaq və yazımızı bu istiqamətdə davam etdirək.

Dini sahəni yaxşı bilən ekspertlər deyirlər ki, A. Paşazadə uzun illər ərzində QMİ-ni özünə o dərəcədə uyğunlaşdırıb ki, sanki əyninə biçilmiş kostyumdur. Bu baxımdan, qurumun başına kim gəlsə, cənab Paşazadənin nimdaşını geyinmiş olacaq. Ekspertlərdən biri deyir ki, QMİ dini qurumdan daha çox, etno-mafiyanı xatırladır və bu mafiyanın öz “babası” var, başqası burada baş çıxarmaz. Sistem tamamilə dəyişməlidir; bu da təxminən inqilab kimi bir şeydir; çətindir; üstəlik də burada tam sağlamlaşdırma aparmaq mövcud hakimiyyətə də sərf etməz. 

Dini sahəni yaxşı bilən ekspertlərin fikrincə, bu qurumun başına normal və hörmətli bir dindarın gətirilməsi onun üçün faciə ilə nəticələnə bilər. Bu baxımdan, 2001-ci ildən Bakıda fəaliyyət göstərən "Məşədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənlinin adının sadəcə bu mövzuda hallanması ona qarşı kompromat savaşının başlanması ilə nəticələnib. Əgər bu, gerçək olsa və reallaşmağa doğru getsə, vəziyyətin necə olacağını indidən təxmin etmək mümkündür. 
 
Qeyd edək ki,   A.Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub. 1968-70-ci illərdə Buxarada “Mir Ərəb” mədrəsəsində təhsil alıb. 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam Universitetinin ilahiyyat fakültəsinə daxil olub və 1975-ci ildə oranı bitirərək tam ali dini təhsilə yiyələnib.

1975-ci ildə Qafqaz Müsəlmanları İdarəsində məsul katib, 1978-ci ildə “Təzəpir” məscidinin axundu, idarənin sədr müavini vəzifələrində çalışıb. 1980-ci ildə QMİ sədri vəzifəsinə seçilib və Şeyxülislam rütbəsi alıb. Qafqaz müsəlmanlarının 2003-cü ildə keçirilmiş XI qurultayında A.Paşazadə ömürlük Şeyxülislam seçilib.
A.Paşazadə həm də MDB Dinlərarası Şurasının həmsədridir. 

"Yeni Müsavat"