“Hakimlər Arif Alışanovla dostdurlar”

“Hakimlər Arif Alışanovla dostdurlar”
Oxunma sayı: 1087

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "AzTV” sədri Arif Alışanova 4,6 milyon manat pul “atmaqda” və ona qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçali Cəbiyev, Aqşin Hüseynov və Zöhrab Şirinovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə elan edilib ki, Ş.Əkbərov rəsmi ərizə ilə məhkəmə tərkibinə etiraz edib və işə baxan kollegiyanın dəyişdirilməsini istəyib: "Bizim verdiyimiz bütün vəsatətlər təmin edilməyib, hakim qızımı kobud ifadə ilə təhqir edərək zaldan çıxarıb. Hakimlər Əfqan Hacıyev və Ənvər Seyidov zərərçəkmiş Arif Alışanovla yaxın dostdurlar. Ona görə də işə ədalətli baxılacağına inanmıram".

***

Ş.Əkbərovun vəkili Bəxtiyar Hacıyev də hakimlərə etiraz edib: "Biz ötən iclasda cinayət işinin kobud qanun pozuntuları ilə aparıldığını əsaslandıraraq işin istintaqa qaytarılmasını xahiş etdik. Lakin bu vəsatətimiz təmin edilmədi".

Müdafiə tərəfi həmçinin A.Alışanovun məhkəməyə dəvət olunması barədə vəsatətin təmin edilmədiyini də xatırladıb və qeyd olunub ki, A.Alışanov özü şəxsən prosesdə iştirak etməlidir.

Vəsatət baxılmamış saxlanılıb və proses davam etdirilib. 

B.Hacıyev növbəti vəsatətində iclasın təxirə salınmasını istəyib: "Müvəkkilim Şücayət Əkbərov latın əlifbası ilə oxuya bilmədiyi üçün ittiham aktı və cinayət işi materialları ilə tanış olmayıb. Ona isə kiril əlifbası ilə hazırlanmış materiallarla tanış olması üçün şərait yaradılmayıb. Buna görə də o, öz müdafiəsini qura bilməyəcək. Xahiş edirəm, məhkəmə təxirə salınsın və Ş.Əkbərova materiallarla tanış olması təmin edilsin".

Vəsatət təmin edilməyib, hakim bildirib ki, buna görə iclası təxirə salmaq işin əsassız uzadılmasına səbəb olacaq.

Müdafiə tərəfi vəsatət verərək A.Alışanovun 2013-2017-ci illərdə yaxın adamlarının adına aldığı torpaqların alqı-satqı müqavilələrinin məhkəməyə təqdim edilməsi üçün Şamaxı rayon notariat kontoruna sorğu verilməsini istəyib.

Vəsatət baxılmamış saxlanılıb, hakim bildirib ki, sənədlərin tədqiqi mərhələsində zəruri olarsa, qərar veriləcək.

Ş.Əkbərovun vəkili bu dəfə 2023-2016-ci illər ərzində A.Alışanovun aldığı əmək haqqısının və əmlakı haqda maliyyə arayışı verilməsi üçün müvafiq orqana sorğu göndərilməsi barədə vəsatət verib: "Çünki biz fikirləşirik ki, Arif Alışanovun bu qədər pulu olmayıb. AzTV ona ayda 200 min manat maaş verir? Bu pulu hardan əldə etdiyi məlum olmalıdır".

Vəsatət təmin edilməyib. 

Qeyd edək ki, ittihama görə A.Alışanovun 4,6 milyon manat pulu ələ keçirilib. O da bu məbləğdə pulun ödənilməsi üçün məhkəmədə mülki iddia qaldırıb.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi