“Hakimlərə diqqətli olmalarını tövsiyə etdim” - Ayxan Abbasov

hakimlere-diqqetli-olmalarini-tovsiye-etdim
Oxunma sayı: 1035

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Neftçi”yə 0:2 məğlub olaraq, yarışla vidalaşan “Zirə”nin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssis bir sıra aparıcı oyunçularının xidmətindən yararlana bilmədiklərini ön plana çəkib:

“Bu cür oyunda məğlub olmaq üzücüdür. İki əsas oyunçumuzun yoxluğu bizə ağır idi. Yarımfinala çıxmasaq da, uşaqlara təşəkkürümü bildirdim. Əsas hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır ki, qış fasiləsində də bu yöndə işlərimizi davam etdirəcəyik. Mətbuat xidmətimizin rəhbəri Elman Himayətoğluya da komandamızda gördüyü işlərə görə təşəkkürümü bildirirəm və milli komandada uğurlar arzulayıram.

- Mətbuatda yazılanlara görə, David Manqa qışda komandadan ayrılacaq. Bu cür vəziyyətdə ona start heyətində yer verdiniz.

- Manqa saf insandır. Düzdür, komandadan qışda ayrılacaq. Ancaq taktiki düşüncəmiz var idi ki, o da həyata keçirdi. Sadəcə, Azərbaycanda onunki alınmadı.

- Hakimlərə qarşı xeyli aqressiv idiniz…

- Cəmi bir-iki epizodda yan xətt hakimlərinə səhv qərarlar verərkən, diqqətli olmalarını tövsiyə etdim.

- Qışda heyətə legioner qatmayacağınız gözlənilir. Autsayderlər yeni əcnəbiləri qatıb qışdan sonra komandanıza başağrısına çevrilə biləcəyindən narahat deyilsiniz ki?

- Hücum xəttinə bir əcnəbi gətirməyə çalışacağıq. Ancaq zədəli legionerlərimiz də var ki, qışda bərpa olacaqlar və sıralarımıza qoşulacaqlar.