Halallıq axtarırlar...

halalliq-axtarirlar
Oxunma sayı: 2583


“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. 

Xatırladaq ki, aprelin 17-də QMİ Qazılar Şurasının iclasında halallıq zəmanətinin verilməsi ilə əlaqədar QMİ nəzdində din xadimlərindən ibarət xüsusi komissiya yaradılıb. Komissiyanın üzvü Hacı Şahin Həsənli deyib ki, Qazılar Şurasının iclasında Şeyxülislam Allahşükür Paşazadə Standartlaşdırma, Metrologiya və Patent Komitəsi ilə şəxsən özü danışıqlar apardığını açıqlayıb: “Məqsəd də odur ki, Dövlət Komitəsinə “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat almaq üçün müraciət edən şirkətlərə bu sertifikat QMİ-nin komissiyasının rəyi nəzərə alınaraq verilsin”.

 R.Həsənov qeyd edib ki, Azərbaycanda ət kəsimi varsa, bu zaman İslam dininin qaydalarına riayət edilib-edilmədiyini Dövlət Komitəsi müəyyənləşdirə bilməz: “Buna görə də Azərbaycanda ət kəsimi zamanı müsəlman qaydalarına riayət edilib-edilmədiyi ilə bağlı prosesə nəzarəti Qafqaz Müsəlmanları İdarəsi həyata keçirəcək, bununla bağlı rəy verəcək. Qalan istehsal prosesi, tutaq ki, kolbasa istehsalı prosesi tək ət kəsimi ilə məhdudlaşmır. Ona görə də qalan proses bizimlə bağlıdır, dövlətin halal məhsul istehsalı ilə bağlı standartı var, müəyyən tələblər qoyulub. Biz dövlətin tələblərinə riayət olunmasına nəzarət edəcəyik”.

Qeyd edək ki, hazırda ət və ət məhsulları istehsalı zamanı ətindən istifadə edilən heyvanların kəsimi Azərbaycanda yox, xarici ölkələrdə aparılır və Dövlət Komitəsi də həmin xarici ölkələrin müsəlman idarələri tərəfindən verilən rəyləri əsas götürür. Bundan sonra isə kolbasa və digər ət məhsullarının istehsalı prosesində Azərbaycanda yerli kəsimdən istifadə edən şirkətlər məhsullarına “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat almaq istəyəcəklərsə, bu zaman Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına (AzSert) QMİ-nin də rəyini təqdim etməli olacaqlar.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı qadağasının tətbiqinə başlanıb. İndiyədək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı (AzSert) tərəfindən 4 şirkətə “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun məhsul istehsalı ilə bağlı sertifikat verilib.