“Halbuki “Dyadya Styopa” kimi sevmişdim sizi…”

halbuki-dyadya-styopa-kimi-sevmisdim-sizi-
Oxunma sayı: 751










Mən sizdən qorxuram, polislər!..
Yenə aksiyadı
yenə Torqovıya yığışaraq siz
aksiya keçirənləri
təpikləyirsiz
sürüyürsüz
üçrəngli bayrağımızla
burunlarının suyunu
ağızlarının qanını silirsiz...
Mən sizdən qorxuram
çox qorxuram
gözlərim qırılır
burduğunuz insan qollarının yerinə
ümidlərim göyərir
yumruğunuzun şiddətindən
uşaq olsaydım
qorxulu nağılların qəhrəmanı
kimi sizi yuxuda görərdim
gecələr ağlayardım
qorxardım
anama daha möhkəm sarılıb yatardım
polis gəlib sürüyər deyə
əlinizdə xəlbir görərdim
su yerinə qan süzülən
qayğanaq bişirdiyiniz qabda
insan sümükləri girərdi yuxuma
halbuki “Dyadya Styopa” kimi sevmişdim sizi
uşaqlıqda...
Yaxşı ki indi uşaq deyiləm
Yaxşı ki daha
məlikməmmədlərin
cırtdanların
nağıllarda öldüyünü dərk edirəm
cənab polis!
Yaxşı ki sizə “polis əmi” deyə biləcək
vaxtım deyil...



O yol

bu yolun başlanğıcı
o yolun bitdiyi yerdi
o yol mənim gəldiyim
sənin getdiyin yerdi
biz o yolda görüşməliydik
mən gəldim
sən getmədin
orda bir yol yoruldu
səni gözləməkdən
məni gözlətməkdən...

***

dəniz kimiyəm bu sabah
barmağını toxundur
ürəyini üşüdüm
sevdiyini pıçılda
eşidim...


Qadınsızcasına

Bəzən belə də olur
qapını çırpıb gedirsən
arxanca boylanan
ümidin gözlərinin kökü saralır
qayıdıb gəlmirsən
saçları tumara
qulağı xoş sözə həsrət qalan ümidin
adı
qadın olur
yalnız yataqda xatırlayırsan
o ümidi
ümidsizcəsiznə
qadınsızcasına yəni...



Sizin olsun

Mən onu tanıdım
və ayrıldım
alın, qızlar
sizin olsun
nə qədər ki tanımırsınız
özünüzü dünyanın
xoşbəxti sanın
bir az da siz gəzin buludlarda
buludlar sizin olsun
göy üzü boyda kədər hədiyyə edirəm sizə
qəbul edin hədiyyəmi

gəlin
dost olaq...