“Hamı lider ola bilməz” – Müsahibə

hami-lider-ola-bilmez-musahibe
Oxunma sayı: 730

Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadənin “Qafqazinfo” ya müsahibəsi

- GTMŞ-nın fəaliyyətini necə qiymətləndirirsiniz?
- Milli Şuranın böyük təcrübəsi var və müxtəlif illərdə fəaliyyət istiqamətlərində böyük və kiçik layihələrə və tədbirlərə imza atıb. Bütün bunlar ancaq müəyyən müddət keçdikdən sonra öz nəticəsini biruzə edir, bu da təbiidir. Suala gəldikdə isə, indiki fəaliyyətin qiymətləndirilməsini daha yaxşı üzvlərimiz, tərəfdaşlarımız, həmkarlarımız edə bilər. Milli Şuranın rəhbəri kimi, daima inkişaf etmək və təkmilləşməyə əsas görürəm. Bu isə böyük komanda işidir və komandanın hər bir üzvü təşkilatın uğurlu fəaliyyətinə öz tövhəsini verir. Bu proses dayanmamalıdır və daima davamlı inkişafa əsas yaratmalıdır.

- Milli Şura gənclərə hansı formada dəstək olur?
- Milli Şura gənclər təşkilatlarının platformasıdır və ona görə də daha çox Milli Şura üzv olan gənclər təşkilatlarına diqqət yönəldib. Bu gün gənclər təşkilatlarının bacarıqlarının artırılması, onların müxtəlif beynəlxalq şəbəkələrə qoşulması və davamlı inkişaf üçün müxtəlif imkanların yaradılması Milli Şuranın strateji olaraq əsas vəzifələrindən biridir.

- Şurada birləşən ən fəal gənclər təşkilatı olaraq hansı təşkilatdır? Yəni hansı daha aktivdir sizcə?
- Bildiyimiz kimi, bu gün 200-dən artıq gənclər təşkiları qeydiyyatdan keçib, onlardan 93-ü Milli Şuranın üzvüdür. Bütün bu təşkilatlar fəal ola bilməz və onlardan bunu gözləmək də düzgün deyil. Məşhur mütəxəssis Parettonun eyni adlı prinsipi mövcuddur “20-80” və ya “80-20”. Bu nəzəriyyəyə əsasən hər hansı bir sistemin 20% hissəsi uğurunun 80%-ni təmin edir. Yəni, hamı lider və ya fəal ola bilməz, gənclər sektorunun 20% lider və fəal təşkilatları gənclər sektorunun uğurlarının 80%-ini təmin edirsə, bunu artıq yüksək faydalılıq əmsalı kimi qeyd etmək olar. Bilirsiniz, təcrübəli təşkilatlar fəal təşkilatlar demək deyil, hər bir fəal təşkilat gənclərin inkişafına təsir etmək və onlarda bacarıqları dəyişdirməkdə yüksək əmsala malik deyil. Yəni fəallıq hələ faydalılıq demək deyil. Bu gün müxtəlif təşkilatlar mövcuddur və çox müsbət göstəricidir ki, onlar arasında bir sıra təcrübəli, peşəkar, fəal cəmiyyət üçün faydalı təşkilatlar öz layiqli yerini tapıb.

- Gənclərlə görüşlərinizdə daha çox eşitdiyiniz problemlər hansılardır?
- Bilirsiniz, bir neçə il bundan əvvəl, gənclər daha çox öz problemləri haqqında danışırdı. İndi isə yeni bir tendensiyanı müşahidə etmək olar. Gənclər daha çox ictimai, şəhəri və Respublikanı narahat edən məsələlər haqqında düşünürlər. Artıq “mən işsizəm” mövqeyi yox, daha çox “universitet və biznes arasında əməkdaşlığın olmaması” mövqeyi müşahidə olunur. Yəni, problemləri daha çox geniş şəkildə görürlər. Digər tərəfdən problemlərin həlli sürətləndirilməsi istəyini müşahidə etmək olar. Hər bir problemlərin həllinin zamanı və anı var. Belə problemlər var ki, onlar daha çox nəticədir, nəinki problem özüdür. Məsələn, universiteti bitirən tələbələrin daimi ehtiyacı olan və daha çox problem kimi nümayiş olunan “işin tapılması” özü bir necə faktordan aslıdır və bu problem daha çox problem kimi yox, bir neçə buna təsir edən faktorların nəticəsi kimi öz əksini tapır.

- Problemlərin həll edilməsi istiqmətində hansısa işlər görürsünüzmü?
- Son aylar çox əhəmiyyətli bir layihənin icrası üzərində işləyirdik. Layihənin əsas məqsədi 3000-ə yaxın gənci əhatə etməklə Bakı şəhərində və regionlarda gənclər forumların keçirilməsi vasitəsilə gənclərin təklif və ideyalarını toplamaqla “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına bir tövhə verməkdir. Bu təkliflərin arasında bir çox gənci narahat edən problemlər də əks olunmuşdur və bizim məqsədimiz bunları daha çox problem kimi yox təklif kimi nümayiş etdirmək üçün şərait yaratmaqdır. Yəni daha çox tənqiddən konstruktv təklif söyləmək üçün imkan yaratmaqdır. Milli Şura olaraq bu təklifləri toplamaqla həm Milli Şuranın növbəti layihələrinə və proqramlarına daxil olması, həm də gənclər siyasətinin inkişaflna məsul olan dövlət qurumu-Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təqdim etməsi nəzərdə tutulub.

- Siz gəncləri hansı formalarda maarifləndirisiniz?
- Müxtəlif mövzularda il ərzində bir sıra təlim və seminarlar təşkil olunur. Növbəti illərdə bu maarifləndirmə işlərin “sinifdə tədris” formasından “virtual tədrisə-distant təhsil” formasına keçirilməsi planlaşdırılır.

- Nəticə sizi qane edirmi?
- Maarifləndirmə, təhsil, tədris, bilik bir investisiyadır. Hər hansı bir investisiya kimi “bilik investisiyası”-nın da nəticələri ancaq bir neçə müddətdən sonra qiymətləndirilə bilir.

- İndiki halda Azərbaycan gəncliyinə daha çox maarifləndirmə lazımdır yoxsa iş?
- Qeyd etdiyim kimi, hər bir problemin səbəbi kimi bir neçə əsasa söykəndiyini nəzərə alaraq, işsizliyin səbəblərindən biri də keyfiyyətli təhsilin olmamasıdır. Bilirsiniz, müşahidələr göstərir ki, təhsilli, bacarıqlı, öz üzərində işləyən hər hansı bir şəxs heç zaman işsiz qalmır. Ona görə də təhsil və iş arasında seçim etməli olsam, mütləq halda ilk növbədə təhsili seçərəm. İşin düzgün axtarılması da bilik və bacarıq tələb edir. Yenə də təhsil!

- Yekunlaşmış layihələrinizdən razı qaldınız?
- Layihənin nəticələri təşkilatın strategiyasına xidmət edirsə, o zaman təşkilat strateji hədəflərə çatıb, çatmamasını hələ ki, demək çox tezdır. Yəqin ki, bu suala ən azı bir ildən sonra qayıtsaq, yaxşı olar.

Günel Türksoy
Müsahibə “Qızılbaş” GMİB-nin QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən “Gənclərin problemlərinin mediada müzakirəsi, ictimai debatlar” layihəsi çərçivəsində hazırlanıb.