“Hamımız insan faciələrinin məsuliyyətini daşımalı olacağıq”

hamimiz-insan-facielerinin-mesuliyyetini-dasimali-olacagiq
Oxunma sayı: 660

“Qafqazinfo”nun məlumatına görə, Paşayeva çıxışında çoxlu sayda qaçqın, sığınacaq axtaranlarla bağlı problemlərlə üzləşmiş ölkələri çox yaxşı anladığımızı bəyan edib. Millət vəkili bildirib ki, rəsmi İrəvanın etnik təmizləmə siyasəti apararaq Ermənistanda yaşayan bütün azərbaycanlıları zorla qovması və bundan sonra Azərbaycan torpaqlarının 20 faizini işğal edərək 1 milyona yaxın azərbaycanlını oradan zorla çıxarması nəticəsində biz 1 milyona yaxın qaçqın və məcburi köçkünü sığınacaqla təmin etmək, hər şeyini itirmiş bu insanların bütün ehtiyaclarını qarşılamaq kimi ağır bir problemlə üz-üzə qalmışdıq və bu gün də üz-üzəyik: “Biz harada baş verməsindən asılı olmayaraq insanları qaçqın salan səbəblərə qarşı sərt mübarizə aparmalıyıq. Ümid edirik ki, siz onların da problemlərinə biganə qalmayacaq və Assambleyada çıxış edəcək Ermənistan prezidentindən 100 minlərlə qaçqının öz evinə dönməsinə imkan verməsini, AŞPA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsini tələb edəcəksiniz. Biz unutmamalıyıq ki, Şimali Afrikada, Liviyada, Yaxın Şərqdə, Suriyada baş verən hadisələr davam etdikcə oradan qaçqın düşən insanların sayı da sürətlə artacaq. Ona görə də Avropa Şurası və üzv ölkələr də bu bölgələrin tez bir zamanda sabitliyə qovuşması üçün səylərini daha da gücləndirməlidir”.

Paşayeva bunun qaçqınların axınının qarşısını almaq üçün ən önəmli yol olduğunu söyləyib: “Mən təkrarən öz ölkəmi misal çəkmək istəyirəm. Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməməsi, Avropa Şurası Parlament Assambleyasının və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymaması nəticəsində 1 milyona yaxın azərbaycanlı 15 ildən artıqdır ki, qaçqın və məcburi köçkün həyatı yaşamaqda davam edir. Onların simasında mən uzun müddət qaçqın həyatı yaşamağın nə qədər böyük əziyyət olduğunu bilirəm. Ona görə də biz onların problemlərinin həllinə çalışmaqla yanaşı, qaçqın düşən insanların sayının artmaması üçün də Şimali Afrikada və Yaxın Şərqdə vəziyyətin düzəlməsi üçün öz səylərimizi ciddi şəkildə artırmalıyıq. Əks halda, hər gün onların sayı daha da artacaq və biz hamımız dəhşətli insan faciələrinin məsuliyyətini daşımalı olacağıq”.

Nərgiz Ehlamqızı