Hamının danışdığı Bitkoin... - PR, yoxsa?

haminin-danisdigi-bitkoin
Oxunma sayı: 2853

Tanınmış ekspert Natiq Cəfərli bir müddətdir müzakirələrə səbəb olan Bitkoinlə bağlı maraqlı məlumatlar paylaşıb.

"Qafqazinfo" həmin informasiyanı təqdim edir:

"Bu gün bütün dünyanın ən çox müzakirə etdiyi mövzulardan biri də Bitkoindir. Məsələni bilən-bilməyən, anlayan-anlamayan – hamı Bitkoini müzakirə edir. Dəfələrlə mediaya açıqlamalarımda bu yatırıma inanmadığımı, bunun “şar”, gözəl düşünülmüş, görünməz, əla PR menecerləri olan qlobal piramida olduğunu demişəm, bu gün də o fikirdəyəm. 
İqtisadiyyatın qanunlarına görə hər hansı bir malın-xidmətin dəyəri, əsasən, iki faktora bağlıdır:

1) Maya dəyəri,

2) Tələb-təklif münasibəti.

Bitkoinin dəyəri isə tək spekulyativ xəbər axınına əsaslanır, ancaq süni tələb artışı ilə yüksəlir.

Xəbər axını Bitkoinin qiymətində həlledici rol oynayır. Bu “valyuta” tərəfdarları Bitkoinin qiymət artımına haqq qazandıracaq səbəblərdən biri kimi onu misal gətirirlər ki, müxtəlif məşhur brendlər artıq ödəniş kimi Bitcoin qəbul edirlər. Ən məşhur arqumentlərdən biri də 2017-ci ilin yayından etibarən məşhur “Lamborghini” avtomobil şirkətinin öz maşınlarını həm də Bitkoinlə satdığı misalıdır.

Əslində, məsələ çox sadə və dahiyanədir: Son 1 ildə dünya mediasında keçirilən kontent-analizə görə ən çox işlənilən 10 sözdən biri Bitkoindir. Bu “valyutanın” adı keçın istənilən xəbər milyonlarla tirajlanır. “Lamborghini” şirkətinin illik media reklamı büdcəsi 20 mln. avrodur, həmin pula şirkət reklam çarxları və posterləri istehsal edib, mediada yaymalıdırlar. Amma şirkətin ağıllı PR menecerləri “Lamborghini” maşınlarının Bitkoinlə satışı haqqında qərar verir, doğrudan da 1-2 maşını Bitkoinlə satır və nəticədə bu xəbər - “Lamborghini”-nin adı keçın xəbərlər dünyanın minlərlə media orqanlarında yayılaraq yüzmilyonlarla əhaliyə çatır. Əla gedişdir! Bravo! Bütün brendlərin Bitkoinlə satış haqqındakı verdikləri qərarlar məhz bu effektə hesablanıb! Reklam və PR dərsliklərinə düşəcək gedişdir, çox bəyəndim, amma bunun Bitkoinə olan güvənlə aşağıdan-yuxarıdan əlaqəsi yoxdur".