“Hansı hakimiyyət öz vətəndaşları üçün əsas küçəni bağlayar?!” - Eynulla Fətullayev

hansi-hakimiyyet-oz-vetendaslari-ucun-esas-kuceni-baglayar
Oxunma sayı: 5224

“Arsenal”ın yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıdakı Avroliqa finalında iştirakı ilə bağlı qalmaqal başa çatan kimi dünən gələcək oyunla əlaqədar yeni hay-küy qalxıb: “Arsenal”la Mxitaryandan sonra UEFA-ya qarşı ittihamlarla müxalifətin liderlərindən biri İlqar Məmmədov çıxış edib. Mxitaryanla hər şey onsuz da aydındır. Qarabağ münaqişəsi dövründə, xüsusilə son illərdə Bakıya bir çox məşhur erməni idmançılar gəlib – Ermənistan milli komandasının birinci Avropa Oyunlarındakı təntənəli marşı çoxlarının yadındadır. Erməni idmançılar ölkələrinin bayrağını yüksəyə qaldıraraq, Mxitaryanın oynamalı olduğu elə həmin stadiondan cərgə ilə keçmişdilər.

Azərbaycan hakimiyyəti heç vaxt idmanı siyasətə qarışdırmayıb. Bu, Mxitaryana da, “Arsenal”  futbol klubuna da, elə UEFA-nın özünə də yaxşı məlum idi. Lakin siyasi maraqlar üzündən Ermənistana və diaspora qalmaqal lazım idi. Axı nəhəng, simvolik idman hadisəsinin – Avropa Liqasının final oyununun hətta bəzi Avropa ölkələrinin də həsəd apardıqları əsrarəngiz və təmtəraqlı Bakı stadionunda keçirilməsi MDB-nin sovetdən qalma məkanı üçün çox hüdudları aşan hadisədir. Buna görə də, heç nədən Britaniyada məşhur olan Mxitaryan erməni familiyasının ətrafında boş qalmaqal yaratmaq qərarına gəliblər.

Mxitaryan gəlməyəcək. Özü bilər! Pərdə qapandı! Səhifəni çevirdik. Lakin Britaniya qəzetlərində mərkəzi yeri tutmuş sparapet (qədim erməni hərbi rütbəsi) Mxitaryanla bağlı qalmaqal səngiməmiş azərbaycanlı müxalifətçi İlqar Məmmədov UEFA-ya çağırışla çıxış edib. Sparapet əvəzinə Parapetdən danışıb. Bu dəfə nə baş verib?

Qəflətən hansısa bir kiçik agentlik dəqiqləşdirilməmiş məlumat (dezinformasiya? bəlkə təxribat?) yayıb ki, Bakı hakimiyyəti paytaxtın mərkəzi hissəsini, ələlxüsus da bineyi-qədimdən bakılıların Parapet adlandırdığı, “Torqovı” da deyilən Nizami küçəsinin bir hissəsini bağlayacaq ki, burada ancaq əcnəbilər gəzişə bilsinlər. Guya üç gün ərzində azərbaycanlılara onların əsas küçəsinə - Bakı Arbatına giriş qadağan ediləcək. Bir neçə saatdan sonra hakimiyyət və şəhər polisi yalan xəbəri təkzib etdilər. Halbuki, daha operativ də reaksiya verə bilərdilər. Sual olunur – hansı özünə hörmət edən hakimiyyət belə addım atar? Və üç gün (!!!) boyunca öz vətəndaşları üçün əsas küçəni bağlayar?! Bu cür boş yalana diqqət yetirməyə dəyərdimi? Ələlxüsus da, prezident vəzifəsini tutmağa iddialı olan siyasətçiyə?!

Lakin yeni xalq başçısı obrazında İlqar Məmmədov dərhal hakimiyyətin qərarını pisləyir və qəzəblə UEFA-ya hücuma keçir. Sən demə, özünün daha çox futbolu xatırladan REAL adlı marginal təşkilatı ilə İ.Məmmədov yalan xəbərin yayılmasına bir gün qalmış Birinci respublikanın qurucularının memorialına doğru narazıların yürüşünün təşkili barədə tarixi qərar qəbul edibmiş. Tarixlər belə düşüb ki, oyuna bir gün qalmış Birinci respublikanın elan olunmasının 101 ili tamam olacaq. Və budur, Bakı Realı öz oyununu oynamaq qərarına gəlib. Sanki hakimiyyət bir ovuc marginalın yürüşündən ehtiyat edərək, mərkəzi prospekti bağlamaq qərarı verib. Bütün günah isə UEFA-dadır – avtoritar Bakı hakimiyyətinin xidmətində duran alçaq imperialist federasiyada. Avropa liberalları hara baxır? UEFA bundan sonra Bakıda bu cür oyunlar keçirməməlidir! Bundan əlavə, İ.Məmmədov UEFA-nı Azərbaycanda siyasi repressiyaların təşkilində ittiham edir. “UEFA bizim həbsimizin ayıb ləkəsini öz tarixindən heç vaxt silə bilməyəcək!” – müxalifətçi elan edir.

İ.Məmmədov nə edir?! O da Mxitaryan və onun tərəfdarları kimi bütün Bakının və Azərbaycanın bayramını pozmağa, kiçik Qafqaz ölkəsi üçün bu cür əhəmiyyətli hadisəni korlamağa cəhd edir və öz hakimiyyətini əsassız günahlandırır. Halbuki, hakimiyyət siyasəti idmana qatmırsa da, Avropa Oyunları və digər nüfuzlu beynəlxalq hadisələr ərəfəsində müxalifət ən kiçik imkandan və hətta səhvdən yararlanmağa çalışır ki, təki aranı qarışdırsın və murdarlıq etsin.

İ.Məmmədov güman edir ki, o, hakimiyyətə badalaq vurub. Əslində isə, Mxitaryanla eyni cərgədə duraraq, bir ovuc realistin lideri uydurulmuş royalist hakimiyyətlə özünün xəyali mübarizəsində öz ölkəsinin nüfuzunu alçaldır. UEFA-nı bilərəkdən ikinci əsassız və uydurma qalmaqala cəlb edirlər... Nüfuzlu və ciddi idman təşkilatını səs-küylü siyasi qalmaqala çəkən siyasətçinin məsuliyyət səviyyəsindən bəhs etməyə dəyərmi?! UEFA gələcəkdə öz nüfuzunu ləkələmək istəyərmi? İttihamlarını dəqiqləşdirilməmiş və yalan məlumat üzərində quran Məmmədov kimə oynayır – Mxitaryana və diaspora, yoxsa, nə qədər pafoslu səslənsə də, öz xalqına və ölkəsinə?! Özünüz nəticə çıxarın... Rəsmi təkzibdən sonra belə Məmmədov öz mövqeyini dəqiqləşdirmədi və dəyişmədi. O, hələ də UEFA-ya müraciət hazırlayır və bu müraciət daha çox futbolu xatırladan REAL adlı siyasi təşkilatın nüfuzunda silinməz ayıb ləkəsi olacaq...

Eynulla Fətullayev/virtualaz.org