Hansı icra başçısı kitab oxuyur?

hansi-icra-bascisi-kitab-oxuyur
Oxunma sayı: 2813

Raminə Eyvazqızı

Üç il əvvəl anamgil bacımın təhsili üçün müvəqqəti Samsunda yaşamalı oldular. Deməli, kirayə qaldıqları ev Samsun Bələdiyyəsi ilə yanaşı idi. Hər gün bələdiyyə başqanının sadə davranışları, insanlarla birlikdə vaxt  keçirməsinin şahidi olan anam, təəccübündən  elə hey deyinirdi. “Ay balam, bələdiyyə başkanı da skamyada oyurub camaatla söhbət edər, gedib mağazadan parkdakı uşaqlara dondurma alar, vətəndaşı çay içməyə dəvət edər....”.  

Qadın neyləsin, Bakıda on illərdir yaşadığı ərazi bəxtindən Nizami rayon ərazisinə düşüb, oradan da hələ bir xoş üz görməyib. Dəfələrlə, hansısa problemlə bağlı icra hakiminin qəbulundakı növbələrin şahidi olmuş adama türkiyəli bələdiyyə sədrinin əlçatan olması maraqlı gəlib. Türkiyədə bələdiyyələrin ölkə həyatında oynadığı rolu hamımız yaxşı bilirik və rayon icra hakimiyyətlərimizin qismində səlahiyyətləri var.  Bizim icra hakimləri tək səriştələrindən deyil, həm də içlərilərindəki bitməyən şəxsi arzularından istifadə etməkdə dilavərdirlər. Dövlətin verdiyi vəzifədən elə tələsik istifadə edirlər ki, zalım balaları elə bil yığıb-yığışdırdıqlarını torpağın altına da aparacaqlar. 

Hərdən düşünürəm ki, acgözlük  insanın mayasından əlavə qazanılmış instinkdir. Çünki ağıllı –kamallı kimi tanınan insanlar “vəzifəli” sindromuna tutulan kimi havası dəyişir. İllərdir, yaşadığım Nizami rayonu icrasına  yaxın dura bilən olmayıb. İcra hakimi həmişə insanları gözlətməkdən, saymamazlıqdan xüsusi zövq alıb.( Kimin  hünəri var, öz icra hakiminin insaflı qeybətini edə bilər.) Vəzifədən düşməyənə qədər belələrinə elə gəlir ki, o başqalarından çox fərqlənir. Bilirsiz niyə? Ona görə ki, bu insanlar kitab üzü açmırlar. Yaşadıqları yerin misal üçün, Nizaminin adını daşıyan rayonun adındakı “Nizami”ni oxumayıblar. Yoxsa, belə olmazdılar. Ən azı əlil insanların şikayətlərini dinləmək üçün onların əsəbdən dərmanla gəzməzinə səbəb olmazdılar. Hər yeri al-ver, iaşə obyektinə döndərib, ağazları kəsib ucdan tutma torpaqları betonlamazdılar. 

Şəhəri betonlama xəstəliyi bütün icra hakimlərinin tutulduğu bəladır. Amma günlərinin yarımca saatını kitab oxumağa ayırsaydılar, ağacın, kolun, təmiz havanın xeyirindən nə isə anlayardılar. 

Bununla neçənci dəfədir ki, Türkiyə TV kanallarından oranın ayrı-ayrı bələdiyyə rəhbərlərinin qapı-qapı gəzib camaata kitab paylamağının şahidi olurum. Vəzifə sahiblərinin kitab aksiyalarındakı  səmimiyyətinə heyran qalır adam. Bələdiyyə başqanının kitabları paylamaqda məqsədi yaxşıdan, maarifləndirmədən başqa şey deyil. O şəxs yaxşı bilir ki, kitabsız insan zəngin insan ola bilməz. Kitab təkcə biliyimizi artırmır axı, həm də insanda xarakter formalaşdırır. Çoxunu adam da edir. Hələ bir bələdiyyə başqanı var, Ümut Uysal, 3 il ərzində vəzifə boyunca məzuniyyətə çıxmayıb, bu şəxs kitab yazmaq üçün 25 günlük izn alıb. İndi baxın, bizim icra hakimləri üçün istirahət və ya “işləmək” öz əllərindədir. Hələ biri çıxıb desə ki, məzuniyyətə çıxıram kitab yazam, yəqin gözümüzdən su gələnə qədər gülərik. Kitab oxumaq və icra hakimi olmaq arasında böyük uçurum var. Bəlkə də arasında elələri var ki, sonuncu dəfə ən maraqla oxuduğu kitab orta məktəbdəki anatomiya kitabı olub, vəssəlam.

Dünən Şəki rayon icra hakiminin türkiyəli müğənniyə torpaq bağışlaması məsələsini müzakirəyə çıxarmışdılar. Petek Dinçöz deyir, Şəkidən torpaq hədiyyə almışam, icra hakimi deyir, Petek gözünün içinə qədər yalan deyir. İndi güya  icra hakiməri bizi torpaq (bələdiyyənin işi olsa belə) paylamaq , hədiyyə vermək xasiyyətinin olmadıqlarına inandıracaqlar. Petek konsertə pulsuz gəlibsə, hər halda “hörmət”i də, torpaq bəlkə də, ev olacaq. Bundan normal nə ola bilər ki. İndi də icra hakimi türkiyəli müğənninin abrını bükür ətəyinə. 

İcra hakimləri öz ərazilərində yaşayan barı şəhid ailələrini heç türkiyəli müğənnilər qədər tanımırlar. Tanısaydılar, ara-sıra əziyyət verilən, sataşılan şəhid ailələrinin şikayətlərini eşitməzdik. Əlinizin altında olan obyektlərdən, torpaqlardan əvvəl, həyatınıza, insanlığınıza əl gəzdirin, cənablar!