Hansı namizəd 8 kilo arıqlayıb?..

hansi-namized-8-kilo-ariqlayib
Oxunma sayı: 2258

Seymur Verdizadə

Səfər qrafikimizlə üst-üstə düşdüyü üçün iyunun 7-də Türkiyədə keçirilən parlament seçkilərini yaxından izləmək imkanım olmuşdu. Hətta İğdırdan namizədliyi irəli sürülmüş Azərbaycan əsilli jurnalist İsa Yaşar Tezəl bəyin seçicilərlə keçirdiyi bir neçə görüşə qatılmışdım. O vaxt məni ən çox təəccübləndirən məqam Yaşar bəyin təbliğat-təşviqat kampaniyasının davam etdiyi iki həftə ərzində 8 kilo arıqlaması olmuşdu...

Azərbaycanda parlament seçkilərinə start veriləndə ağlımdan keçən ilk sual bu oldu: görəsən, bizim ölkədə hansı namizəd 8 kilo arıqlayacaq? Aydın məsələdir ki, məni namizədlərin xarici görünüşündən çox, intellektual səviyyəsi, bilik və bacarığı, işgüzarlığı maraqlandırır. Amma bu fakt mənə onların necə kampaniya apardıqlarını qiymətləndirmək üçün lazımdır.

Deptatlığa iddialı olmasam da, namizəd olan dostlarımla birlikdə ötən 20 gündə 40-dan artıq görüşdə iştirak etmişəm. Məsələn, vəkili olduğum tanınmış hüquqşünas Adəm Məmmədovla birlikdə ən azı 1000-dən çox seçici ilə fərdi ünsiyyət qurmuşuq. Təkcə Bakı və Abşeron yarımadasında deyil, cəbrayıllı seçicilərin məskunlaşdığı Biləsuvar, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında da baş çəkmədiyimiz çox az ünvan qalıb.

62 saylı Saatlı seçki dairəsindən namizədliyi irəli sürülmüş Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə apardığı uğurlu kampaniya ilə təkcə bir rayonda deyil, bütövlükdə Azərbaycanda diqqəti öz üzərinə toplaya bildi. Əflatun müəllim 20 gün ərzində Saatlını qarış-qarış gəzib, təkcə səsvermə hüququ olan insanları deyil, hətta azyaşlıları da dinləyib, onların qayğıları ilə maraqlandı. Əgər nə vaxtsa deputatlığa namizəd olsam, mütləq Əflatun Amaşovun təcrübəsindən yararlanacağam.

Təbliğata ehtiyacı olmasa da, 105 saylı Tovuz seçki dairəsinin ərazisinə daxil olan kəndləri bir-bir gəzən millət vəkili Qənirə Paşayeva haqda ətraflı yazmağa lüzum görmürəm. Bircə onu demək istəyirəm ki, bu gün 200-dən çox gənc seçki mübarizəsinə qoşulubsa, bunda Qənirə xanımın əməyi danılmazdır.

Məncə, bu il ən uğurla kampaniya aparan namizədlərdən biri də QHT Şurasının sədri Azay Quliyev oldu. Azay müəllim Şirvanı Binəqədi ilə dəyişsə də, seçicilərinə olan diqqətini azaltmadı. O, bir gündə bir neçə izdihamlı görüş keçirməklə 8 saylı Binəqədi birinci seçki dairəsinin favoriti olduğunu qısa müddət ərzində sübut etdi.

Namizədliyi 16 saylı Yasamal ikinci seçki dairəsində qeydə alınmış TUMİB başqanı Çingiz Bayramovla Yasamalda ayaq basmadığımız küçə qalmadı. Çoxillik dostlarımdan olan Çingiz bəyin bir gündə bəzən 30-40 qapını döyüb, seçiciləri ilə fərdi ünsiyyət qurması 1 noyabr seçkilərinə rəng qatdı.

İşlərimin çoxluğu ilə əlaqədar olaraq, Aydın Mirzəzadənin, Cavanşir Feyziyevin, Adil Əliyevin, Fuad Muradovun, Jalə Əliyevanın, İlhamiyyə Rzanın, Vurğun Əyyubun, Adıgözəl Məmmədovun, Razim Əmiraslanlının, Əlabbas Məhərrəmovun, Taleh Şahsuvarlının, o cümlədən digər tanınmış ziyalıların, fəal gənclərin seçki kampaniyasını yaxından izləyə bilmədim. Amma bu adamlar apardıqları uğurlu kampaniya ilə hətta uzaqdan da diqqətimi cəlb edə bildilər.

P.S.Təəssüf ki, bütün namizədlər seçkiyə qələbə qazanmaq üçün qatılmayıblar. Rəqib namizəddən beş-on manat almaq, yerli icra strukturları ilə bazarlığa getmək istəyənlər daha çoxdur. Amma bu, məni qətiyyən məyus etmir. Ləyaqətli namizədə seçici, könüllü şəkildə tərəziyə çıxanlara isə “bazarkom” qiymət verir. Əsas odur ki, hər kəs layiq olduğu qiyməti alır.

P.P.S. Deputat seçilən adam çəki verməyə də bilər. Təki xalqın dərdini çəksin...