Harınlamış nadan

harinlamis-nadan
Oxunma sayı: 2849

Rövşən Naziroğlu

Külək imanını itirmiş möminə dönüb hikkəli-hikkəli hər künc-bucağa nəfəs dəydirsə də itiyini tapa bilmədiyindən sakitləşmir. Hava soyuqdur.

Çat-çat olmuş əllərini sabunlu su ilə dolu vedrəyə salanda daldalanmağa yer gəzən bir parça külək nimdaş köynəyinin boynundan keçib ögey ana zülmündən qaçan xırda qız uşağı kimi gizlənir dəli Seyranın kürəyində. Seyranın başının üstünü kəsdirib maşınının yuyulmasına nəzarət edən adam təzə köçüb biz tərəflərə. Yaşlı olsa da heç vaxt ağsaqqal ola bilməyəcək adamların sinfindəndi. Rəngi qıpqırmızıdı. Bərkdən danışır. Soyumasın deyə ovcunun içində gizlətdiyi çay dolu stəkanı aparır dodaqlarına. Soyduğu konfetin zərli kağızı havada bir xeyli rəqs edəndən sonra gözdən itir. Seyranın başında ölə-qala qərar tutan dırnaq boyda ağlı kişinin içdiyi çayın qiymətini eşidəndə ovulub dönür toza. Külək bərkiyir.

Şəhərdəki maşınyuma məntəqlərini qoyub evinin qabağında şaxtalı havada hansısa havalanmış məzluma maşınını yudurdan təzə qonşumuzun adını bilməsəm də ədalətli mələklərin sehrli görünməz mürəkkəblə əməl dəftərində bu yarımadamın adını nadan yazacaqlarına inanıram.

Nadanlıq xəstəlikdi. Sağalmaz xəstəlik...

Amma ahıl qonşumuzu bu yaşdan sonra həkimə göstərib dərmana tutmaq əbəsdi. Mollaya, pirə, ocağa aparsan da nümayişkaranə görməmişliyinə göylərdən şəfa enməyəcək. Sabirin “Hophopnamə”siylə başına-gözünə döysən də sağalmayacaq. Bu mərəzi görməmişin canından çıxarmaq üçün onun qanını dəyişdirmək lazımdı.

Seyran qızarmış əllərini yenidən saldı vedrədəki buz kimi sabunlu suyun içinə. Təzə qonşumuz “Dayı səni bazlığa aparacaq, maşınımı yaxşı yu” deyib ucadan güldü. Seyran ağrılı-ağrılı gülümsədi. Üst-başı, şalvarının dizləri, ətəkləri islanmışdı. Əlini sudan çıxaranda barmağının çatından süzülən qan qarışdı sabunlu suya. Görməmişin maşınını qanı ilə yudu Seyran.

Amma nadan bunu bilmədi.

Bilmədi ki, dəlilər Allahın günahlarla kirlətdiyimiz dünyaya göndərdiyi mələklərdi.

Onlara ayaqqabı sildirib maşın yudurtmaq olmaz.

Onlarla məzələnmək heç olmaz.